Prezident İlham Əliyev: Qəbul etdiyimiz proqramlarda bölgələrin inkişafı xüsusi yer tutur
“Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilmişdir. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı qeyd edib ki, ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib:
“Düzdür, bu layihələrin icrası bu gün də davam edir. Çünki əhali artır, məşğulluq artır, iqtisadiyyat artır. Ona görə bu proqramlar statik vəziyyətdə deyil, daim o proqramlara əlavələr edilməlidir və bu gün dövlət investisiya proqramlarında, hər il qəbul etdiyimiz proqramlarda bölgələrin inkişafı xüsusi yer tutur”.
Prezident İlham Əliyev bunu da əlavə edib ki, digər infrastruktur layihələri də uğurla icra edilib və edilir, o cümlədən sosial infrastrukturla bağlı layihələr – xəstəxana tikintisi, məktəb tikintisi, avtomobil yolları, dəmir yolları, hava limanları. Ona görə qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri şərtləndirir.




