Qabiliyyət imtahanı götürən ekspertlər necə seçilir? 

2 İyun, 2026 - 13:28
Qabiliyyət imtahanı götürən ekspertlər necə seçilir? 

Hər il ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesi zamanı xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər əlavə imtahan da verməli olurlar. 

Bəs bu imtahanlar kimlər tərəfindən götürülür? Abituriyentlərin xüsusi qabiliyyətlərinin olub-olmadığını yoxlayan mütəxəssislər hansı meyarlarla seçilirlər?

Dövlət İmtahan Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Qeyd edilib ki, imtahanların təşkili və ekspertlərin seçilməsi bir neçə mərhələ ilə tənzimlənir. İlk olaraq komissiyalar formalaşdırılır. Qabiliyyət imtahanlarını keçirmək üçün DİM tərəfindən yaradılan Qabiliyyət İmtahanı komissiyalarının (QİK) tərkibi "Qabiliyyət İnformasiya Sistemi" (QABİS) bazasından proqram təminatı vasitəsilə, təsadüfi seçimlə müəyyən edilir.

Bazaya daxilolma meyarları isə aşağıdakı kimidir:

QABİS-ə ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji heyəti, yaradıcılıq ittifaqlarının üzvləri, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, federasiyalar, həmçinin digər müvafiq təşkilat və birliklərin nümayəndələri sırasından kalibrləmə prosesini müvəffəqiyyətlə keçmiş mütəxəssislər daxil edilir.

DİM imtahanlara cəlb edilən mütəxəssislərin fəaliyyətin necə qiymətləndirildiyini də açıqlayıb: 
“Ekspertlərin fəaliyyəti imtahanlar başa çatdıqdan sonra təhlil edilir. QABİS bazası hər il yenilənir; buraya yeni ekspertlər əlavə olunur, fəaliyyəti kafi (qənaətbəxş) hesab edilməyənlər isə sistemdən kənarlaşdırılır”.

Sonda qeyd edilib ki, imtahan prosesi videolentə alınır: 

“Kiminsə imtahan nəticəsi ilə bağlı müraciəti olduqda videoya baxılır və ona müvafiq qərar verilir”.