“Qayıdış Gənclər Forumu – Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər” layihəsi keçiriləcək
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Qayıdış Gənclər Forumu – Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər” layihəsi həyata keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, forumun əsas məqsədi gənclərin qayıdış hüququ mövzusunda beynəlxalq hüquq normaları, insan hüquqları mexanizmləri və post-münaqişə dövründə tətbiq olunan hüquqi yanaşmalar üzrə bilik və bacarıqlarını artırmaq, onların analitik düşünmə və hüquqi arqumentasiya potensialını inkişaf etdirməkdir.
Forum çərçivəsində iştirakçılar qayıdış hüququnun beynəlxalq hüquq sistemində yeri və tətbiq mexanizmləri, deportasiya və etnik təmizləmə faktlarının beynəlxalq hüquq müstəvisində hüquqi qiymətləndirilməsi, Qərbi Azərbaycan kontekstində repatriasiya prosesləri və mülkiyyət hüquqlarının bərpası, eləcə də beynəlxalq təşkilatların və regional mexanizmlərin qayıdış prosesində rolu üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər.
Tədbir zamanı hüquqi simulyasiya, debat və interaktiv qrup işləri vasitəsilə iştirakçılara mövzu üzrə arqumentasiya aparmaq və hüquqi mövqe formalaşdırmaq imkanı yaradılacaq.
Forumdan əvvəl iştirakçılar üçün mövzuya uyğun hazırlıq təlimlərinin keçirilməsi nəzərdə tutulur. Əsas forum mərhələsində isə panel müzakirələri, paralel sessiyalar və yekun hüquqi təklif paketinin hazırlanması həyata keçiriləcək.
Son müraciət tarixi: 15 yanvar
Müraciət üçün keçid:https://forms.gle/XvRATKHZXigGhH3H6
Qayıdış hüququ mövzusunda hüquqi biliklərini dərinləşdirmək, beynəlxalq hüquqi yanaşmaları gənclərin baxış bucağından müzakirə etmək və hüquqi simulyasiya mühitində praktik təcrübə qazanmaq istəyən bütün gənclər “Qayıdış Gənclər Forumu – Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər” layihəsinə müraciət etməyə dəvət olunur.


