Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülhün manifestidir - Türkiyənin millət vəkili

3 İyun, 2026 - 11:33
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülhün manifestidir - Türkiyənin millət vəkili

"Qərbi Azərbaycan məsələsi hər hansı coğrafi mübahisədən daha artıq məna daşıyır. Bu, öz yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlının ləyaqətli, təhlükəsiz və hüquqi əsaslarla geri qayıtmaq haqqı məsələsidir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransda Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Şamil Ayrım deyib.

O bildirib ki, Ermənistanın hazırkı ərazilərinin böyük hissəsi azərbaycanlıların əsrlər boyu yaşadığı ata-baba yurdu olub:

"İrəvandan Göyçəyə, Zəngəzurdan Dərələyəzə qədər uzanan bu coğrafiyaya sadəcə xəritənin bir hissəsi kimi baxa bilmərik. Bu torpaqlar məzarlarımızın yerləşdiyi, məscidlərimizin ucaldığı, folklorumuzun, bayatılarımızın yarandığı, xatirələrimizin və köklərimizin yaşadığı vətən torpaqlarıdır.

Bu həqiqətlər tarixi mənbələrdə, arxiv sənədlərində, canlı şahid ifadələrində və bölgənin mədəni irsində açıq şəkildə öz əksini tapır.

Təəssüf ki, XX əsrdən etibarən Ermənistanın həyata keçirdiyi etnik siyasət Cənubi Qafqazın təbii etnik tərkibini dəyişdirdi. Azərbaycan türkləri öz ata-baba yurdlarında sistemli təzyiqlərə məruz qalaraq oradan çıxarıldılar. Sonrakı dövrdə də bu ədalətsizlik davam etdi".

Ş.Ayrım əlavə edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə yalnız işğal altında olan torpaqların azad edilməsi deyildi:

"Bu qələbə eyni zamanda tarixi ədalətin bərpası idi. Prezident İlham Əliyev tərəfindən irəli sürülən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası intiqamın deyil, hüququn, insan haqlarının və sülhün manifestidir.

Bu yanaşmanın əsasında müharibə deyil, ləyaqətli qayıdış ideyası dayanır. İnsanlar doğulduqları torpaqlara qayıtmaq istəyirlər. Çünki bir millətin yaddaşını sürgün etmək mümkün deyil.

İnsanlar öz torpaqlarına qayıtmaq istəyirlər. Lakin tanklarla deyil, sülh şəraitində qayıtmaq istəyirlər. Bu isə beynəlxalq hüququn tanıdığı ən fundamental insan hüquqlarından biridir".

O bildirib ki, Azərbaycanın ortaya qoyduğu yanaşma siyasi məqsədlərdən daha çox humanitar mahiyyət daşıyır:

"Azərbaycan bu gün gücünü yalnız hərbi imkanları ilə deyil, həm də hüquqa və ədalətə sadiqliyi ilə nümayiş etdirir. Azərbaycan sülh gündəliyinə sadiqdir və bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirir. Qarşıdakı dövrdə Ermənistan cəmiyyətinin də sülhə töhfə verəcəyinə ümid edirik.

Məhz buna görə də müharibədə qalib gəlmiş, lakin sülh istəyən və əlini uzadan Azərbaycana beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək göstərilməlidir".