Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 İyul, 2025 - 13:44
Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə
Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

“Dünyada süni intellekt əsasında aparılan qiymətləndirmələrin 70-80%-i düzgün olur. Bizdə isə gərək bu, əvvəlcə qanunvericilikdə öz əksini tapsın, çünki burada insanların taleyi həll olunur”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə açıqlamasında söyləyib.

O qeyd edib ki, hər bir yazı işini 2-3 mütəxəssis yoxlayır: 

“Çalışırıq ki, bu qiymətləndirmə tamamilə şəffaf və obyektiv aparılsın. Hələ ki, ekspertlər tərəfindən yazı işlərinin yoxlanmasına üstünlük veririk. Süni intellektdən istifadəni isə hələlik özümüz üçün öyrənirik. Gələcəkdə hüquqi müstəvidə süni intellektdən istifadə öz əksini tapsa, biz də istifadə edə bilərik. Ancaq hələlik gündəmdə deyil”.

M.Abbaszadə bildirir ki, qabiliyyət imtahanlarında abituriyentin əl işinə görə mütəxəssislərin onu tanıyıb-tanımaması ilə bağlı iddialar edilir: “Lakin bu, çox aşağı ehtimaldır. İfaçılıq üzrə qabiliyyət imtahanlarının da materialları açıq şəkildə paylaşılırdı. Lakin sonradan bəzi abituriyentlər açıq mənbəli platformalarda videolarının paylaşmağını istəmədilər. Məncə, bu bir az absurddur, lakin yenə də biz şəxslərin anonimliyinə diqqət yetiririk. Səs yazmalar edilsə də, açıq mənbəli platformalarda paylaşılmır. Bütün qabiliyyət imtahanlarının materialları saxlanılır”.