Rektor: BSU-da inklüziv universitet modelinin qurulması üçün iş aparılır
“Qədim dövrlərdən başlayaraq, erkən orta əsrlər və sonrakı dövrlərdə yaradılmış şəhərsalma və memarlıq abidələri ölkəmizin mədəniyyət və tarixi irsini nümayiş etdirir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimində səsləndirib.
Rektor Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, sərəncam Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik, zəngin keçmişini, tarixən İpək yolu üzərində yerləşən mədəniyyət və ticarət mərkəzləri kimi iri şəhərlərimizin özünəməxsus memarlıq irsini, UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş qədim və orta əsrlər şəhər mədəniyyətlərini özündə əks etdirən bir çox dünya əhəmiyyətli şəhərsalma və memarlıq incilərini nəzərə almaqla mühüm tarixi əhəmiyyətə malikdir: “Xüsusilə qeyd olunmalıdır ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ olmaqla, bu dövrdə qədim tarixə malik şəhər və memarlıq abidələrimizin qorunması istiqamətində sistemli və institusional fəaliyyət həyata keçirilmişdir. Bu illər həmçinin yeni şəhərlərin yaradılması, eləcə də şəhərlərin dövrün tələblərinə uyğun olaraq inkişafı ilə xarakterizə olunur. Müasir dövrümüzdə Heydər Əliyev Mərkəzi kimi müasir şəhərsalma inciləri ilə zəngin olan şəhərsalma və memarlıq mədəniyyətimizin identikliyinin bənzərsiz nümunələrinə şahidlik edirik. Hər bir azərbaycanlının iftixar yeri olan doğma Bakı şəhəri dünyanın ən gözəl şəhər mədəniyyətlərindən biri olmaqla, müasir şəhərsalma mədəniyyətinin bariz nümunəsini təşkil edir”.
Anar Nağıyevin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ərəfəsində "Memarlıq və Şəhərsalma İli" çərçivəsində həyata keçirilən “Müasir şəhərsalma: ənənə və innovasiyaların harmoniyası” rəqəmsal ideya müsabiqəsi ölkəmizin müxtəlif yerlərindən yüzdən çox gənci bir araya gətirir: “Müsabiqənin əsas məqsədi ənənə və Azərbaycan memarlıq dəyərlərinin müasir şəhərsalma texnologiyaları ilə harmonik şəkildə birləşdirilməsidir. Burada rəqəmsal həllərin, 3D modelləşdirmələrin və innovativ planlaşdırma metodlarının tətbiqi xüsusilə əhəmiyyət daşıyır. Bu yanaşma şəhər mühitinin daha funksional, ekoloji və estetik baxımdan inkişafına şərait yaradır”.
Rektor vurğulayıb ki, BSU-da “Şəhərsalma və Memarlıq İli" və digər müvafiq fəaliyyət planları çərçivəsində müxtəlif tədbirlər keçirilir, fənlərarası tədqiqatlar təşkil edilir, dayanıqlı və inklüziv universitet modelinin qurulması istiqamətində işlər aparılır: “BSU-da xarici dillərin öyrənilməsi və təhsilin idarə olunması məqsədilə süni intellekt və rəqəmsal tətbiqlərin və bacarıqların yaradılmasını hədəfləyən “Lingua AI” laboratoriya layihəsinin innovativ şəhər mühitində dil öyrənilməsi üçün faydalı nəticələr verəcəyinə inanırıq”.
O həmçinin həyata keçirilən digər təşəbbüslərdən bəhs edərək qeyd edib ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsinin daha inklüziv şəhər mühitinin formalaşdırılması üçün müəllim hazırlığı, bacarıqların və pedaqoji həllərin yaradılması istiqamətində mühüm rol oynayacaq.



