Rektor: Əsas məqsədimiz ailə dəyərlərimizi gənclərə aşılamaqdır

14 May, 2026 - 12:33
Rektor: Əsas məqsədimiz ailə dəyərlərimizi gənclərə aşılamaqdır

Müasir dövrdə ailə institutunun qorunması və möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 

"Azərbaycan müəllimi"xəbər verir ki,bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov "Ailə dəyərləri" mövzusunda keçirilən "açıq dərs" çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, artıq ikinci ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü ilə bağlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi Beynəlxalq Ailə Günü münasibətilə tələbələri dinləmək və onların ailə dəyərləri ilə bağlı fikirlərini ictimaiyyətə çatdırmaqdır.

Layihə çərçivəsində tələbələr auditoriyada müəllim kimi çıxış edərək Azərbaycanın milli düşüncəsində və kimliyində ailə dəyərlərinin rolundan bəhs edirlər. Eyni zamanda ailə dəyərlərini psixoloji, sosioloji və teoloji aspektlərdən izah edən təqdimatlar təqdim olunur: "Bu tədbirlərə müəllimlərlə yanaşı, Azərbaycanın tanınmış ziyalıları, müxtəlif qurumlardan məsul şəxslər, millət vəkilləri  dəvət edilir və tələbələr onların qarşısında çıxış edirlər. Mövzu ətrafında müxtəlif diskussiyalar və müzakirələr aparılır. Əsas məqsədimiz Azərbaycanın milli ailə dəyərlərini gənclərimizə aşılamaqdır". 

Rektor daha sonra  bildirib ki,  dünyada ailə dəyərlərinə qarşı bir çox təhdidlər mövcuddur. Ənənəvi ailə dəyərləri getdikcə öz funksionallığını itirir və onların yerinə müasir ailə modelləri ön plana çıxır:
"Azərbaycan ailəsi həm müasir, həm də öz ənənələrinə sadiq qalan bir model kimi nümunə olmalıdır. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunda həyata keçirilən layihənin əsas məqsədi köklərinə bağlı qalan, eyni zamanda müasir dövrün çağırışlarını nəzərə alan ailə modelini cəmiyyətə təlqin etməkdir.
Ümid edirəm ki, tələbələrimizin təqdimatları   gələcəkdə digər layihələr üçün də bir nümunə olacaq".