“Rəqəmsal məktəb”də dərslik layihələrinə rəy bildirmək imkanı yaradılıb
Bildiyiniz kimi, Elm və Təhsil Nazirliyi tərəfindən 2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, eləcə də onlarla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsinə başlalınıb.
İctimai iştirakçılığın genişləndirilməsi, daha çox müəllim və təhsil ictimaiyyətinin dərslik komplektlərinin layihələri ilə tanış olmasını, həmçinin rəy və təkliflərin vaxtında təqdim edilməsini təmin etmək məqsədilə bu ildən etibarən müvafiq elanlar “Rəqəmsal məktəb” platforması üzərindən Bakı şəhəri üzrə bütün müəllim və direktorlarla paylaşılıb.
Elm və Təhsil Nazirliyi bir daha elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, ictimai birlikləri və digər maraqlı tərəfləri müzakirədə olan dərslik layihələri ilə bağlı rəy və təkliflərini bildirməyə dəvət edir.
Xatırladaq ki, dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir. Maraqlı tərəflər həmin bölmə vasitəsilə müzakirəyə çıxarılmış layihələrin məzmunu ilə tanış ola, platformada xüsusi bölmədə rəy və təkliflərini bildirə bilərlər. Eyni zamanda, rəy və təkliflərin derslik@edu.gov.az elektron poçt ünvanına göndərilməsi də mümkündür.



