Mühəndislik və texnologiya təhsili üzrə yeni proqram hazırlanıb - Rəşad Nəbiyev
“Azərbaycan üçün mühəndislik və texnologiya sahəsində güclü insan kapitalının formalaşdırılması prioritet məsələlərdən biridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, bu gün keçirilən tədbirin əsas məqsədi gələcəyin mühəndislərini və texnologiya mütəxəssislərini yetişdirəcək yeni yanaşmalar ətrafında müzakirələrin aparılmasıdır.
Rəşad Nəbiyev vurğulayıb ki, Prezident tərəfindən təsdiqlənən 2026–2028-ci illəri əhatə edən fəaliyyət planında əsas istiqamətlərdən biri insan potensialının inkişafıdır. Onun sözlərinə görə, aidiyyəti qurumlarla birlikdə aparılan müzakirələr və araşdırmalar nəticəsində ölkədə mühəndislik və texnologiya sahəsində mövcud vəziyyət təhlil olunub. Araşdırmalar Azərbaycanda hər il minlərlə tələbənin bu sahələr üzrə təhsil aldığını göstərsə də, əsas məqsəd yalnız kəmiyyət deyil, keyfiyyət göstəricilərinin artırılmasıdır. Bu məqsədlə Elm və Təhsil Nazirliyi ilə birlikdə məktəbdən universitetə, universitetdən isə iş mühitinə qədər bütün mərhələləri əhatə edən geniş proqram hazırlanıb və artıq icrasına başlanılıb.



