Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm
COP29-un ziyarətçilərindən biri də dünyaca məşhur fotoqraf Reza Deqati idi. Biz onunla söhbət edərkən aydın oldu ki, o, yalnız fotoqraf deyil, həm də müəllimdir. Reza bəyin təhsil, tədris və məktəblər haqqında fikirləri olduqca maraqlıdır.
O, “Azərbaycan müəllimi”nə verdiyi açıqlamada uzun illər müxtəlif ölkələrdə, fərqli şəraitlərdə müşahidə etdiyi tədris metodları və təhsil şəraiti haqqında fikirlərini bölüşüb:
“Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm. Dünyanın müxtəlif ölkələrində mindən çox şagirdim var. Onlara fotoqrafiyanı öyrədir, fotolar ilə özlərini ifadə etməyi, yaşadıqları şəhərlərin və ölkələrinin səsi olmağı aşılayıram. Təhsilə və insanlara verdiyim bu töhfənin nəticələrini görmək mənim üçün ən böyük ilhamdır”..jpeg)
Reza Deqati həmçinin təhsil sahəsindəki yeniliklərə, dayanıqlı təhsilə xüsusi önəm verdiyini qeyd edib:
“İnnovativ təhsil metodu” adlı kitabımda 15 fərqli ölkədəki yenilikçi tədris yanaşmalarını əhatə etmişəm. Müxtəlif ölkələrə səfərlər edərək təhsildə tətbiq olunan fərqli metodlarla tanış olmuşam. Misal üçün, Danimarka və Finlandiyada bəzi bölgələrdə uşaqlar dərslərini sinif otaqlarında deyil, təbiətdə – meşə və parklarda keçirlər. Bu, təhsilin həm formasında, həm də məzmununda dəyişikliklərin vacibliyini göstərir. 200 il əvvəl də şagirdlər parta arxasında əyləşirdi, indi də. Ancaq zaman irəliləyir və təhsil sistemi də bu inkişafa uyğunlaşmalıdır”.
Reza Deqati təhsilin çətin şərtlər altında belə davam etdirilməsinin önəmini vurğulayaraq, müharibə zonalarındakı müəllimlərin fədakarlığını xatırladıb:
“Müharibə dövrlərində adətən tədris dayanır. Lakin bəzi müəllimlər bütün çətinliklərə baxmayaraq, uşaqları bir araya toplayıb dərslər keçməyə davam edirlər. Yarımqaranlıq, soyuq və yarıuçuq yerlərdə belə təhsil verən bu müəllimlərin əməyinə heyran qalmamaq mümkün deyil. Əfqanıstanda damı və divarı olmayan bir tikilidə dərslərin davam etdiyini görmüşdüm. Bu mənim üçün unudulmaz bir mənzərə idi”.
O, Qarabağ müharibəsindən sonra Azərbaycandakı köçkünlərin həyatını və təhsil şəraitini müşahidə etdiyini də qeyd edib:
“Birinci Qarabağ müharibəsindən sonra bir milyon insan öz evindən didərgin düşdü. O vaxt Bayılda Zəngilandan köçkün düşən insanların arasında kiçik bir otaqda uşaqlara dərs keçən Xanməmməd müəllimi gördüm. Onun bu fədakarlığı məni dərindən təsirləndirdi. Beləliklə, birlikdə Zəngilan rayon 3 nömrəli ibtidai məktəbini (indiki Zəngilan rayon 4 nömrəli ümumi orta məktəb - müəllifin qeydi) yaratdıq. Bu gün o məktəbin hələ də fəaliyyət göstərdiyini bilmək mənim üçün böyük qürur mənbəyidir. Məktəb mənim vəsaitim hesabına tikilsə də, əsl Azərbaycan müəllimi olan Xanməmməd müəllim və həyat yoldaşı öz şagirdləri üçün əllərindən gələni, hətta daha artığını etdilər”.
Reza Deqatinin sözləri yalnız bir fotoqrafın baxış bucağı deyil. Onun təhsilə olan sevgisi və müəllimlərin fədakarlığına duyduğu hörmət, bir cəmiyyətin inkişafında təhsil sisteminin necə böyük rol oynadığını bir daha göz önünə gətirir.
Təhsil kimi müqəddəs bir missiyanın dəyişdirici gücünü anlayanlar üçün onun sözləri bir çağırışdır – çətinliklərə baxmayaraq gələcək nəsillərə ümid olmaq.


