Gənclərin süni intellekt üzrə bacarıqlarını artırmağı planlaşdırırıq – Azər Əliyev

9 İyun, 2026 - 15:39
Gənclərin süni intellekt üzrə bacarıqlarını artırmağı planlaşdırırıq – Azər Əliyev

 "Sevindirici haldır ki, bu gün ölkəmizdə süni intellekt, eyni zamanda rəqəmsallaşma, dövlətin praktik fəaliyyət istiqamətlərindən biridir". 

 "Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktoru Azər Əliyev deyib.  

Onun sözlərinə görə, məhz Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” bu istiqamətdə mühüm addımlardan biridir:  "Biz də Gənclərin İnkişafı və Karyera Mərkəzi olaraq, gənclərin süni intellekt alətlərindən istifadə qaydaları haqqında maarifləndirilməsi, onların bu sahədə bilik və bacarıqlarının artırılmasını hədəfləmişik".

O qeyd edib ki, bu gün Bakı Konqres Mərkəzində Gənclərin İnkişaf Karyera Mərkəzinin təşkilatçılığı, eyni zamanda Azərbaycan Respublikasının Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin tərəfdaşlığı ilə 300-dən çox gəncin iştirakı ilə növbəti Gənclərin Süni İntellekt Forumu keçirilir:

"Forumumuz kifayət qədər maraqlı və zəngin bir proqramla əhatələnib. Bu sahədə ixtisaslaşmış peşəkar spikerlərin çıxışları ilə panel müzakirəsi olacaq. Həmçinin gənclər üçün onların karyera quruluculuğunda faydalı ola biləcək elektron süni intellekt alətlərindən istifadə qaydalarını özündə cəmləşdirən bir elektron kitabın təqdimatı da baş tutacaq".