Rusiyada bakalavriat və magistratura səviyyəsi ləğv edilir

29 Yanvar, 2026 - 11:15
Rusiyada bakalavriat və magistratura səviyyəsi ləğv edilir

Rusiyanın ali təhsil sistemində “bakalavr" və "magistr” formatı ləğv olunur, onun əvəzinə baza və ixtisaslaşmış ali təhsil modelləri tətbiq ediləcək.

“Azərbaycan müəllimi” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva məlumat verib. 

Onun sözlərinə görə, 1 sentyabr tarixindən etibarən Rusiya universitetlərində bakalavriat və magistratura mərhələləri aradan qaldırılacaq.

Deputat qeyd edib ki, yeni sistemə əsasən, ali təhsil iki əsas mərhələdən ibarət olacaq: 

– Baza ali təhsil ixtisasdan asılı olaraq 4 ildən 6 ilə qədər davam edəcək;
– İxtisaslaşmış ali təhsil 1 ildən 3 ilə qədər müddəti əhatə edəcək və mahiyyət etibarilə yenilənmiş magistratura formatı kimi fəaliyyət göstərəcək. Bu mərhələdə peşəkar, idarəetmə və elmi-tədqiqat yönümlü proqramlar nəzərdə tutulur.

Kseniya Qoryaçeva bildirib ki, Boloniya təhsil sistemindən imtina prosesi Rusiyada hələ 2022-ci ildən başlanıb. İlkin mərhələdə bu model altı ali təhsil müəssisəsində sınaqdan keçirilib, hazırda isə əldə olunan təcrübənin digər universitetlərdə də tətbiqi planlaşdırılır.

Deputat həmçinin mühüm bir yeniliyi də açıqlayıb. Yeni tədris ilindən etibarən magistratura pilləsində dövlət hesabına (büdcə əsaslı) təhsil almaqla bağlı mövcud məhdudiyyətlər aradan qaldırılacaq. Yəni tələbələr yenidən pulsuz əsaslarla ixtisaslaşmış ali təhsil proqramlarına qəbul ola biləcəklər.

O əlavə edib ki, aspirantura əvvəlki kimi ayrıca bir peşəkar təhsil səviyyəsi olaraq saxlanılacaq.

Bununla yanaşı, Rusiyada daha bir yeni qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, ali məktəblərdə ödənişli qəbulun tənzimlənməsi ilə bağlı mövcud prinsiplərin kolleclərə də şamil edilməsi nəzərdə tutulur. Bu, kolleclərdə ödənişli yerlərin sayının məhdudlaşdırılmasına və qəbul prosesinin daha sərt qaydalarla tənzimlənməsinə imkan verəcək.