Rusiyada I siniflər üçün yeni tövsiyə: 40 dəqiqəlik aktiv istirahət

18 Avqust, 2026 - 15:01
Rusiyada I siniflər üçün yeni tövsiyə:

Rusiyanın Təhsil Nazirliyi birinci sinif şagirdlərinin məktəbə uyğunlaşma dövründə  - sentyabr-oktyabr aylarında dərs gününün ortasında ən azı 40 dəqiqəlik aktiv istirahət təşkil etməyi tövsiyə edib.

“Azərbaycan müəllimi” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Təhsil Nazirliyinin metodik tövsiyələrində yer alıb.

Tövsiyələrə əsasən, 40 dəqiqəlik dinamik fasilənin mümkün qədər açıq havada keçirilməsi məqsədəuyğundur. Bunun üçün ikinci və üçüncü dərslərdən sonra 20 dəqiqəlik iki fasilənin verilməsi, günün ortasında isə ən azı 40 dəqiqəlik aktiv istirahətin təşkil edilməsi təklif olunur.

Bundan əlavə, müəllimlər hər dərs zamanı şagirdlər üçün fiziki hərəkətlərdən ibarət qısa fasilələr keçirməlidirlər.

Qeyd edək ki, daha əvvəl Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət Federal Xidməti (Rospotrebnadzor) məktəblərdə böyük fasilənin 30 dəqiqəyə qədər artırılmasını tövsiyə edib. Məqsəd şagirdlərin yeməklərini rahat və tələsmədən qəbul etmələrinə şərait yaratmaqdır. Fasilənin yemək üçün ayrılan hissəsinin 20 dəqiqədən az olmaması məqsədəuyğun sayılıb.