SABAH qruplarında tələbə kvotası 2620 nəfərə çatdırılıb
2026–2027-ci tədris ilinin ən mühüm yeniliklərdən biri SABAH proqramının əhatə dairəsinin genişləndirilərək onun ilk dəfə doktorantura səviyyəsində də tətbiq olunmasıdır. “SABAH Doktorantura” layihəsi çərçivəsində ölkədə ilk dəfə pilot olaraq tədris əsaslı doktorantura modelinin tətbiqi, doktorantların elmi-pedaqoji fəaliyyətə cəlb olunması, onlara əlavə təqaüd imkanlarının və müxtəlif beynəlxalq tədbirlərdə iştirak imkanının yaradılması nəzərdə tutulur.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2026–2027-ci tədris ilində SABAH proqramının əhatə dairəsi əhəmiyyətli şəkildə genişləndirilib: " Ötən tədris ilində SABAH proqramı 13 ali təhsil müəssisəsində 33 ixtisası əhatə etdiyi halda, 2026–2027-ci tədris ili üzrə proqramın əhatəsi genişləndirilərək 19 ali təhsil müəssisəsi və 46 ixtisasa çatdırılıb. Xüsusi ilə doktorantura səviyyəsi üzrə SABAH proqramının təşkili çərçivəsində “Texnika elmləri”, “Pedaqogika”, “Biologiya elmləri” və “Yer elmləri” kimi ixtisaslar SABAH proqramına cəlb olunub".
Nazirliyin açıqlamasında qeyd olunub ki, “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Azərbaycan Prezidentinin 2024-cü il 15 noyabr tarixli 351 nömrəli Sərəncamı çərçivəsində SABAH proqramının tətbiq olunduğu ali təhsil müəssisələrinin, ixtisasların və tələbələrin sayı artıb: "Ötən tədris ilində ümumilikdə 13 ali təhsil müəssisəsində 33 ixtisas üzrə 2484 tələbə SABAH proqramı çərçivəsində təhsil almaq hüququ qazanmışdır. 2026/2027-ci tədris ili üzrə isə ali təhsil müəssisələrinin sayı 19-a, ixtisasların sayı 46-ya, tələbə kvotalarının sayı isə 2620 nəfərə çatdırılıb.
SABAH proqramına qəbul 2025-2026-cı tədris ilindən etibarən xüsusi ilə qəbul imtahanlarında yüksək nəticə göstərmiş, eyni zamanda müxtəlif olimpiyada və müsabiqələrin qalibi olaraq ali təhsil müəssisələrinə qəbul olan tələbələrdən seçilib. Belə ki, SABAH proqramının təşkil olunduğu hər bir ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə müəyyənləşdirilən saya və qəbul balı sıralamasına uyğun olaraq tələbələr proqramda iştirak edirlər".




