“SABAH.city”də ASAN Süni İntellekt Mərkəzi yaradılıb
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyində ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə bu barədə məlumat verib.
O qeyd edib ki, ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə)), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.
“ASAN xidmət”in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.
“Süni İntellekt Assistent” platforması “ASAN xidmət”in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.




