Şagird və tələbələr üçün yaradıcılıq müsabiqəsi keçiriləcək

2 İyun, 2026 - 17:57
Şagird və tələbələr üçün yaradıcılıq müsabiqəsi keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Naxçıvan gələcəyin memarlarının rəngli dünyasında” mövzusunda rəsm və dekorativ-tətbiqi sənət üzrə yaradıcılıq müsabiqəsi elan olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, istedadlı gənclər, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar arasında keçiriləcək.

Müsabiqənin əsas məqsədi uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların memarlıq və şəhərsalma sahəsinə marağının artırılması, estetik zövqünün inkişaf etdirilməsi və istedadlarının dəstəklənməsidir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər əl işlərini, şəxsiyyət vəsiqəsinin surətini və müvafiq anketi 30 iyun 2026-cı il tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.

Müsabiqənin yekununda “ən yaxşı əl işi” nominasiyası üzrə I, II, III və həvəsləndirici yerlərin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblər “Naxçıvan gələcəyin memarlarının rəngli dünyasında” mövzusunda keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.