Şagirdlərə süni intellekt alətlərindən necə istifadə etməyi aşılamalıyıq - Vüsal Xanlarov
“Biz müşahidə edirik ki, bəzi hallarda şagirdlər hər hansı testi və ya tapşırığı süni intellekt alətlərinə təqdim edib hazır cavablardan istifadə edirlər. Lakin düşünürəm ki, gələcəkdə bu cür halların qarşısının alınması üçün, ilk növbədə, tədris prosesi dəyişməli və yenilənməlidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, şagirdlər artıq bu alətlərdən kənarda qala bilməzlər. Çünki demək olar ki, hər kəsin evində, istifadə etdiyi telefonlarda və kompüterlərdə bu alətlərə çıxış mövcuddur: “İlk növbədə, biz həm müəllimlərə, həm də şagirdlərə bu alətləri təqdim etməliyik ki, onlarda bu alətlərdən istifadə vərdişləri formalaşsın. Eyni zamanda paralel olaraq təqdim etdiyimiz alətlərin sırf təhsil yönümlü olmasına xüsusi diqqət yetiririk ki, kontekstə uyğun həllər təqdim olunsun.
Biz uşaqları bu alətlərdən uzaq saxlaya bilməyəcəyik. Buna görə də ilk növbədə şagirdlərə bu alətlərdən tədris prosesində necə istifadə etməyi aşılamalıyıq”.
V.Xanlarov bildirib ki, bu baxımdan müəllim və şagird arasında münasibət yalnız bilik ötürülməsi ilə məhdudlaşmamalı, daha çox araşdırma və təhlilə əsaslanmalıdır: “Bu alətlər şagirdlərə çox böyük həcmdə məlumatı qısa zaman ərzində təhlil etməyə, həmin məlumat əsasında öz fikirlərini formalaşdırmağa və layihə əsaslı fəaliyyətlər həyata keçirməyə imkan verir.
Süni intellektin yaratdığı əsas imkanlardan biri böyük verilənlərin çox qısa müddətdə təhlil edilməsidir. Eyni zamanda süni intellekt alətlərindən istifadə edən şəxslərdə öz fikirlərini daha aydın ifadə etmək bacarığı da formalaşan vərdişlərdən biridir”, – deyə o qeyd edib.



