Şagirdlərin onlayn təhlükəsizliyi üçün 5 əsas tövsiyə

25 Sentyabr, 2026 - 10:30
Şagirdlərin onlayn təhlükəsizliyi üçün 5 əsas tövsiyə

“Microsoft” şagirdlərin hibrid təhsil şəraitində onlayn təhlükəsizliyinin təmin olunması üçün beş əsas tövsiyə açıqlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, şirkət tədrisin harada və hansı formada aparılmasından asılı olmayaraq, şagirdlərin rəqəmsal mühitdə təhlükəsizliyinin əsas prioritetlərdən biri olduğunu bildirib.

Tövsiyələrdən birincisi əməliyyat sistemi və tətbiqlərin daim yenilənməsidir. Bildirilir ki, lisenziyalı proqram təminatından istifadə etməklə yanaşı, əməliyyat sistemi və tətbiqlərin ən son versiyalarının quraşdırılması da vacibdir. Yeniləmələr yeni funksiyalardan başqa  mühüm təhlükəsizlik düzəlişlərini də əhatə edir.

Digər tövsiyə uşaqlarda sağlam rəqəmsal vərdişlərin formalaşdırılması ilə bağlıdır. “Microsoft Family Safety” tətbiqi vasitəsilə ekran vaxtını idarə etmək və uşaqların rəqəmsal fəaliyyəti barədə məlumat əldə etmək mümkündür. Şirkət hesab edir ki, bu məlumatlar valideynlərlə uşaqlar arasında onlayn davranışla bağlı açıq müzakirələrin aparılmasına kömək edə bilər.

Şagirdlərə fayllarını təhlükəsiz və əlçatan saxlamaq da tövsiyə olunur. Faylların “OneDrive”da saxlanılması onlara müxtəlif cihazlardan çıxış imkanı yaradır. Cihaz itirildikdə, oğurlandıqda və ya sıradan çıxdıqda belə, məlumatlar bulud yaddaşında qorunur. Sistem silinmiş faylların bərpasına və sənədlərin əvvəlki versiyalarına qayıtmağa da imkan verir.

“Microsoft” internetdən istifadə zamanı təhlükəsiz və müasir brauzerlərə üstünlük verilməsini də tövsiyə edir. “Microsoft Edge” brauzerində standart olaraq aktiv olan “Microsoft Defender SmartScreen” funksiyası şübhəli saytları və zərərli faylları müəyyən etməyə kömək edir.

“SmartScreen” ziyarət edilən internet səhifələrini məlum fişinq və zərərli proqram saytlarının siyahısı ilə müqayisə edir. Təhlükə müəyyən edildikdə istifadəçiyə xəbərdarlıq göstərilir. Sistem internetdən yüklənən faylları da yoxlayır və təhlükəli hesab olunan yükləmələri bloklaya bilir.

Bundan başqa, “Microsoft Edge”də izləmənin qarşısının alınması üçün “Əsas”, “Balanslaşdırılmış” və “Sərt” olmaqla üç səviyyə mövcuddur. Bu imkan üçüncü tərəf izləyicilərinin fəaliyyətini məhdudlaşdırmağa və istifadəçilərin məxfiliyini qorumağa kömək edir.

Tövsiyələr sırasında güclü parolların yaradılması da yer alır. Mütəxəssislər parolların ən azı 12 simvoldan ibarət olmasını və yalnız bir sözdən təşkil edilməməsini məsləhət görürlər. Şagirdlərə parollarını digər şəxslərlə paylaşmamaq tövsiyə olunur.

Şirkət həmçinin “Microsoft Teams” platformasında şagirdlərin təhlükəsizliyi üçün nəzərdə tutulan imkanlara diqqət çəkib. Müəllimlər burada şagirdlərin mikrofonunu söndürə, uyğun olmayan şərhləri silə və virtual görüşlərdə yalnız sinif üzvlərinin iştirakını təmin edə bilirlər.