Səlis yazı vərdişləri ibtidai təhsildən formalaşdırılmalıdır – Nazir müşaviri 

11 Sentyabr, 2026 - 11:12
Səlis yazı vərdişləri ibtidai təhsildən formalaşdırılmalıdır

"4-cü sinif şagirdlərinin qiymətləndirilməsi zamanı ibtidai səviyyədə oxu bacarığının müəyyənləşdirilməsi üçün üç minimum səviyyəli sualdan istifadə olunub".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib. 

Onun sözlərinə görə, bu suallar şagirdlərin ən sadə oxu bacarıqlarına sahib olub-olmadığını və ciddi risk qrupunda olan şagirdlərin müəyyənləşdirilməsini nəzərdə tutub. Qiymətləndirmədə birinci səviyyədən aşağı nəticə göstərən 2545 şagird həmin üç sualdan ən azı ikisinə səhv cavab verib. Bu isə ümumilikdə 150 min şagirdin təxminən 1,7 faizini təşkil edir:
“Bu şagirdlərin tapılıb nəticələrinin yerlərlə, məktəblərlə paylaşılması və onlarla fərdi şəkildə işlənilməsi vacibdir. Məhz bu sualdan yox, bu tip üç sual olub ki, həmin sualların ən azı ikisinə səhv cavab verən şagirdləri ayırmışıq ki, bunlarla xüsusi iş aparılmalıdır”.

E.Əliyev qeyd edib ki, 4-cü siniflərdə riyaziyyat və oxu üzrə açıq suallar tətbiq edilib:

"Cari ildə ilk dəfə olaraq hər iki fənn üzrə şagirdlərin cavabı özlərinin yazdığı tam açıq suallardan istifadə olunub. Açıq suallarda cavablandırma faizi qapalı test tapşırıqları ilə müqayisədə daha aşağı olub. 4-cü sinif şagirdlərinin 27 faizi riyaziyyat üzrə açıq sualları cavablandırmayıb. Oxu üzrə isə bu göstərici 19 faiz təşkil edib.
Eyni zamanda, oxu üzrə şagirdlərin 98 faizi bütün qapalı sualları cavablandırıb".

Elnur Əliyev bildirib ki, bəzi şagirdlərin cavablarında Türkiyə türkcəsində olan sözlərdən, eləcə də rus mənşəli sözlərdən istifadə halları müşahidə edilib:

"Şagirdlərin Azərbaycan dilində daha düzgün və səlis yazı vərdişlərinin ibtidai təhsil mərhələsindən formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir".