“Son zəng” günündə nəzarətsizlik ciddi nəticələrə səbəb ola bilər – Sosioloq 

9 İyun, 2026 - 14:10
“Son zəng” günündə nəzarətsizlik ciddi nəticələrə səbəb ola bilər – Sosioloq 

Məktəblərin bağlanmasına və “Son zəng” tədbirlərinin keçirilməsinə sayılı günlər qalıb. “Son zəng” günü orta məktəbi bitirən məzunlar üçün ən xoşbəxt anlardan biri olsa da, bəzi hallarda həmin günlərdə məsuliyyətsizlikdən qaynaqlanan riskli davranışlarla qarşılaşırıq.

Hətta elə hallar da müşahidə olunur ki, yetkinlik yaşına çatmayan uşaqlara avtomobil etibar edilir və bu cür məsuliyyətsiz qərarlar ciddi təhlükələrə səbəb olur.

Problem ondadır ki, bu kimi hallar artıq tək-tək hadisələrlə məhdudlaşmır, əksinə, son illərdə getdikcə daha çox təkrarlanan və narahatedici bir davranış modelinə çevrilir.

Çox təəssüf ki, valideyn məsuliyyətsizliyindən irəli gələn bu kimi hallar sonda ailənin ən xoş günlərindən birini ən faciəli gününə də çevirə bilir. 

Ötən illərdə baş verən bir necə hadisə də bu deyilənləri təsdiqləyir. 

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, “Son zəng” günündə nəzarətsizlik ciddi nəticələrə səbəb ola bilər. Buna görə də “Son zəng”lə bağlı bir sıra məsələlərə diqqət yetirilməlidir: “Son zəng” günlərində bəzən məzunlar bu günün psixoloji təsirinə məruz qalırlar. Bəzən məzunlar orta məktəblərdə “Son zəng” zamanı özlərinə nəzarəti itirir, sərhədsiz hərəkətlər edirlər. Məsələn, avtomobil idarəetmə üçün uyğun olmasalar da, həmin gün bunu edirlər. Belə günlərdə uşaqların bilməyərəkdən pis hadisələrlə qarşılaşmamaları üçün ailənin mütləq nəzarəti olmalıdır. Bununla bağlı məktəblərdə profilaktiv tədbirlər görülməlidir. Bu günlər ərəfəsində şagirdlərlə, məzunlarla profilaktik iş aparılmalıdır ki, onlar yanlış addım atmasınlar və nəticəsi faciəyə çevrilən hadisələr baş verməsin”.