Şuşa məktəbliləri üçün ustad dərsləri təşkil edilib
Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji heyəti iyunun 9-10 tarixlərində Şuşa şəhərinə yaradıcı səfər edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində mərkəzin müəllimləri Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri üçün müxtəlif sahələr üzrə genişmiqyaslı ustad dərsləri təşkil ediblər.
Milli rəqs dərnəyinin rəhbəri Samirə Müsaim rəqs elementlərinin düzgün ifa texnikası nümayiş etdirib. Təsviri sənət və dizayn dərnəyinin rəhbəri Nərmin Abdullayeva şagirdlərə yeni rəngkarlıq texnikaları və kompozisiya qurmağın sirləri praktiki şəkildə öyrədib. Dekorativ-tətbiqi sənətdə isə şagirdlərin xəyal dünyasını əks etdirən müxtəlif əl işlərinin hazırlanmasını göstərib. Teatr sənəti dərnəyinin rəhbəri Rəna Kərimova səhnə danışığı, bədən dili və obrazın canlandırılması istiqamətində interaktiv oyunlar və məşqlər keçib. Vokal dərnəyinin rəhbəri Gülnarə Qurbanova şagirdlərlə birlikdə müxtəlif musiqilər ifa edib.
Səfərin əsas məqsədi inkişaf mərkəzi ilə Şuşa məktəbliləri arasında dostluq əlaqələrinin qurulması, regional mədəni-yaradıcı əməkdaşlığın inkişafı və təhsil sahəsində müasir metodologiyaların mübadiləsidir. Bu layihə həm də bölgələr arasında mədəni inteqrasiyanın və qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədini daşıyır. Ustad dərsləri Şuşa məktəblilərinin bədii-estetik zövqünün formalaşmasına və yaradıcı potensiallarının üzə çıxmasına xidmət edib.
Tədbirin sonunda fəal iştirak edən şagirdlərin əl işləri nümayiş olunub və xatirə fotoları çəkdirilib.




