Təhsil haqqını ödəməyən tələbə imtahana buraxılmaya bilərmi? – Hüquqşünas açıqladı

7 Aprel, 2026 - 12:33
Təhsil haqqını ödəməyən tələbə imtahana buraxılmaya bilərmi?

Ali təhsil müəssisələrində tələbələrin təhsil haqqını ödəmədiyi və ya ödənişi gecikdirdiyi hallarda onların imtahanlara buraxılmaması ilə bağlı müxtəlif iddialar zaman-zaman müzakirə olunur. Bu kimi halların hüquqi əsaslarının olub-olmaması isə tələbələri düşündürən əsas suallardandır.

Məsələ ilə bağlı hüquqşünas Vüsalə Muradxanlı "Azərbaycan müəllimi"nə açıqlamasında bildirib ki, universitetlərin tələbələrdən qanunsuz şəkildə ödəniş tələb etməsi yolverilməzdir: "Tələbələrin hüquqları pozulduğu halda, ilk növbədə, universitet rəhbərliyinə müraciət etmək tövsiyə olunur. Bəzi hallarda tələbələrə ötürülən məlumatlar rəsmi mövqeni əks etdirməyə bilər və bu, ayrı-ayrı şəxslərin prosesi yanlış şərh etməsindən irəli gələ bilər.

Problemin həlli mümkün olmadıqda tələbələr Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ya Elm və Təhsil Nazirliyinə müraciət edə, həmçinin yetərli dəlil varsa, məhkəmə qaydasında hüquqlarını müdafiə edə bilərlər".

İmtahanlara buraxılma məsələsinə gəlincə, hüquqşünas vurğulayır ki, bu, əsasən tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilə ilə tənzimlənir. Müqavilədə təhsil haqqının ödənilməsi ilə bağlı konkret şərtlər nəzərdə tutulubsa, həmin öhdəliklərin yerinə yetirilməməsi müəyyən nəticələrə səbəb ola bilər. Bu isə hüquqi baxımdan təhsil hüququnun məhdudlaşdırılması kimi deyil, tərəflərin qarşılıqlı öhdəliklərinin icrası kimi qiymətləndirilir.

Bununla yanaşı, ödənişsiz əsaslarla təhsil alan tələbələrə münasibətdə fərqli yanaşma tətbiq olunur. Hüquqşünas qeyd edir ki, texniki səbəblər və ya ödənişlə bağlı yaranan problemlər bu kateqoriyadan olan tələbələrin statusuna təsir edə bilməz və onlardan əlavə vəsait tələb olunması qanuni hesab edilmir: "Ödənişli əsaslarla təhsil alan tələbələrin əlavə ödəniş tələbləri, təzyiq və ya imtahanlardan kənarlaşdırılması ilə bağlı hallarda sübutların toplanması və sübut etmək kifayət qədər çətin məsələdir. Bununla belə, bu kimi vəziyyətlərdə də tələbələr mövcud hüquqi mexanizmlərdən istifadə edərək hüquqlarını müdafiə edə bilərlər".

Hüquqi prosedurlar baxımından dövlət və özəl ali təhsil müəssisələri arasında ciddi fərqlərin olmadığını vurğulayan V.Muradxanlı vurğulayıb ki, mövcud qanunvericilik hər iki sektor üçün eyni prinsipləri müəyyən edir.

Mütəxəssislər tələbələrə tövsiyə edirlər ki, bu kimi hallarla qarşılaşdıqda ilk növbədə müqavilə şərtlərini diqqətlə araşdırsın, rəsmi müraciət yollarından istifadə etsin və hüquqlarının qorunması üçün qanuni mexanizmlərə müraciət etməkdən çəkinməsinlər.