Tbilisidə I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı işə başlayıb
Noyabrın 16-da Gürcüstanın paytaxtı Tbilisidə I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı işə başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Gürcüstan Texniki Universitetində keçirilən konfransda elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya, hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları və nümayəndələri iştirak edirlər.
Açılışda Gürcüstan Texniki Universitetinin rektoru David Gurgenidze iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Mərasimdə çıxış edən İdris İsayev və Zviad Qabisoniya Azərbaycan ilə Gürcüstan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafından, universitetlərarası əlaqələrin genişləndirilməsindən və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətindən danışıblar.
Səfir Faiq Quliyev isə iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində elm və təhsil sahəsində əməkdaşlığın rolunu qeyd edib.
Konfrans çərçivəsində Azərbaycanda elmi-tədqiqat əməkdaşlığının və beynəlmiləlləşmənin inkişafına dair təqdimatın keçirilməsi, hər iki ölkənin universitet rektorlarının iştirakı ilə panel müzakirələrinin təşkili nəzərdə tutulur. Müzakirələrdə ali təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və yeni tərəfdaşlıq imkanları nəzərdən keçiriləcək.
Tədbir çərçivəsində Azərbaycan və Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması da planlaşdırılır.




