Təhsil işçilərinin sentyabr konfransı bağça rəhbərləri ilə davam etdirilib
Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən konfransın lI hissəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyinin, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Bu barədə "Azərbaycan müəllimi"nə BŞTİ-dən məlumat verilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans iştirakçılarını salamlayan MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova yeni tədris ilinin başlanması münasibətilə hər kəsə uğurlar arzulayıb. N.Hüseynova ötən tədris ilində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası vəziyyəti barədə məlumat verib, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinin, əlçatanlığın təmin olunmasının vacibliyini diqqətə çatdırıb. Həmçinin mövcud imkanlardan daha səmərəli istifadə, müəssisələrin fəaliyyətinin təhlili və nəticəyönümlü idarəetmə yanaşmasının gücləndirilməsi, yeni təşəbbüslərin tətbiqi və məktəbəqədər müəssisələrdəki xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məsələlərinə toxunub.
BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova yeni tədris ilində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin əsas prioritetlərinə həsr olunmuş təqdimatlarla çıxış ediblər. Təqdimatlarda başlıca hədəfin hər bir uşağın fərdi inkişafının dəstəklənməsi, yaş və inkişaf xüsusiyyətlərinə uyğun təlim-tərbiyə mühitinin yaradılmasının vacibliyi vurğulanıb.
Uşaqların sosial-emosional və fiziki inkişafının dəstəklənməsi, onların təhlükəsiz və sağlam mühitdə böyüməsi, eləcə də hər bir uşağa fərdi yanaşmanın təmin edilməsinin diqqət mərkəzində oldiğu qeyd edilib. Həmçinin məktəbəqədər təhsil müəssisələrində təlim prosesinin keyfiyyətinin artırılması və uşaqların məktəbə hazırlığının daha səmərəli təşkili ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Qeyd edək ki, paytaxt təhsil işçilərinin konfransı sentyabrın 1-də işini panel müzakirələrlə davam etdirəcək.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin rəhbərləri, fənn müəllimləri, metodistlər və məktəb psixoloqlarının iştirakı ilə təşkil olunacaq panel müzakirələrdə növbəti dərs ili üçün fəaliyyət planı hazırlanacaq və müvafiq təkliflər təqdim olunacaq.




