Təhsil liderləri üçün mini MBA proqramının açılış tədbiri keçirilib
Martın 30-da təhsil sahəsində idarəetmə bacarıqlarının inkişafına yönəlmiş “Təhsil liderləri üçün mini MBA” proqramının açılış tədbiri uğurla baş tutub. Açılış mərasimində proqramın məqsədi, məzmunu və qarşıdakı təlim mərhələləri iştirakçılara ətraflı şəkildə təqdim olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə layihə rəhbəri Murad Ağalarov və layihənin mütəxəssisi Sənan Mahmudov çıxış edərək proqramın əsas istiqamətləri, tədris modulları və gözlənilən nəticələr barədə geniş məlumat veriblər. Bildirilib ki, proqram çərçivəsində iştirakçılar üçün müasir təhsil idarəçiliyi, liderlik, strateji planlaşdırma və innovativ yanaşmalar üzrə təlimlər təşkil olunacaq.
Qeyd edək ki, proqramda iştirak üçün ümumilikdə 300-dən çox müraciət daxil olub və seçim mərhələsi nəticəsində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində rəhbər vəzifədə çalışan 30 nəfər namizəd iştirak hüququ qazanıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, proqramla bağlı maraq doğuran məqamlar ətrafında müzakirələr aparılıb.
“Təhsil liderləri üçün mini MBA” proqramının əsas məqsədi təhsil idarəçilərinin peşəkar inkişafını dəstəkləmək, onların strateji düşünmə və qərarvermə bacarıqlarını gücləndirmək, həmçinin təhsil müəssisələrində effektiv idarəetmə modelinin tətbiqinə töhfə verməkdir.
Proqram çərçivəsində iştirakçılar həm nəzəri biliklər əldə edəcək, həm də praktik tapşırıqlar və real keys müzakirələri vasitəsilə öz idarəetmə bacarıqlarını inkişaf etdirəcəklər.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.



