Təhsil proqramlarına yeni çağırışlardan irəli gələn dəyişiklikləri əlavə etmişik  - Kənan Kərimzadə

22 Aprel, 2026 - 17:43
Təhsil proqramlarına yeni çağırışlardan irəli gələn dəyişiklikləri əlavə etmişik 

"Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa dəstəyi, diqqət və qayğısı ilə həyata keçirilən dövlət strategiyaları, o cümlədən proqramları nəticəsində ölkədə genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Bu islahat tədbirləri təhsil sahəsindən də yan keçməyib". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə ADA Universitetində keçirilən "Yeni çağırışlar" kitabının təqdimatı zamanı səsləndirib.

Nazir müavini qeyd edib ki, son 20 il ərzində 3600-dən çox məktəb Prezident İlham Əliyevin birbaşa dəstəyi, eləcə də Mehriban Əliyevanın rəhbərliyi, Heydər Əliyev Fondunun səyləri nəticəsində ya yenidən tikilib, ya da əsaslı təmir olunub.

Nazir müavini əlavə edib ki, müəllimlərin peşəkar inkişafı, təlimi istiqamətində müasir metodik xidmətlərin göstərilməsi artıq ölkədə 400-dən çox məktəbi əhatə edir. Yeni məzmunun tətbiqi sahəsində ölkədə 500 mindən çox STEAM layihəsi 300 minə yaxın şagirdi, "Rəqəmsal bacarıqlar" platforması 500 mindən çox şagirdi əhatə edir. Yeni bacarıqları,  yeni çağırışlardan irəli gələn dəyişiklikləri təhsil proqramlarına əlavə etmişik".

Kənan Kərimzadənin fikrincə,   Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub və bu işin mərkəzində məhz Azərbaycan müəllimi durur.

"Azərbaycanın 150 illik maarifçilik tarixi var və çox sevindirici haldır ki, bu 150 ildə təkcə təhsil qurumları deyil, eyni zamanda ayrı-ayrı ictimai birliklərin, təşkilatların təşəbbüsü ilə neçə-neçə Azərbaycan gənci ən yaxşı müəssisələrdə təhsil alıb", - nazir müavini vurğulayıb.