Təkrar akkreditasiya üçün verilən müddət artırılıb – AÇIQLAMA

11 Dekabr, 2025 - 13:23
Təkrar akkreditasiya üçün verilən müddət artırılıb

“Daha öncə akkreditasiya meyarlarının 7 istiqamətinin disproporsional çəkisi nəzərə çarpırdı”.

Bu barədə “Azərbaycan müəllimi”nə açılamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.

O qeyd edib ki, təlim və tədris istiqaməti 39.5% təşkil etdiyi halda, beynəlmiləlləşmə (8.9%), strateji inkişaf (7%), keyfiyyət təminatı (7%) və infrastruktur (5.9%) istiqamətlərinin hər birinin ağırlılıq dərəcəsi ümumi çəkinin yalnız bir hissəsini təşkil edirdi və bir istiqamət üzrə uğursuzluq təkrar akkreditasiya qərarı ilə nəticələnirdi:
“Bununla yanaşı, son illər aparılan akkreditasiya fəaliyyəti göstərdi ki, təkrar akkreditasiya zərurəti yarandığı təqdirdə təhsil müəssisəsinə verilən 1 illik müddət Akkreditasiya komissiyaları tərəfindən verilən çoxsaylı göstəriş və tövsiyələrin tam şəkildə icrası üçün yetərli olmurdu. Bu baxımdan yeni dəyişikliyə əsasən, təkrar akkreditasiya qərarı verilən ali təhsil müəssisələri 2 il ərzində yekun hesabatlardan irəli gələn göstəriş və tövsiyələrin əsaslı şəkildə icrasını həyata keçirmək imkanını əldə edir”.