Təkrar sertifikatlaşdırılan müəllimlərin müsahibələri elektron mərkəzlərdə keçiriləcək
“Təhsilverənlərin sertfikatlaşdırılması yekunlaşdıqdan sonra bu prosesə cəlb olunan müəllimlərin sayının 100 min nəfərdən artıq olacağı proqnozlaşdırılır”.
“Azərbaycan müəllimi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq təhsilverənlərin sertifikatlaşdırılması prosesinə 2022-ci ildən start verilib:
“Cari ildə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 17-25 iyun tarixlərində həyata keçirilib. Həmin dövrdə həm ilk dəfə iştirak edən, həm də ötən il iştirak etməyən və ya iştirak edib müvafiq keçid balını toplaya bilməyən müəllimlər üçün təkrar sertifikatlaşdırma həyata keçirilib. Artıq təkrar sertifikatlaşdırma prosesi ilə bağlı növbəti mərhələ olan müsahibə mərhələsinə dəvətlər müəllimlərin şəxsi kabinetlərinə göndərilib”.
Şöbə müdiri bildirib ki, həmin müəllimlər üçün proses 3-4 sentyabr tarixlərində onlayn formada həyata keçiriləcək. Həm Bakı Şəhəri üzrə Təhsil İdarəsində, həm də Regional Təhsil idarələrində yaradılmış elektron mərkəzlərdə həmin müəllimlər üçün müsahibələr təşkil olunacaq.




