Tələbə və gənc məzunlar üçün “CareerPlus” proqramı fəaliyyətə başlayıb
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tələbə və gənc məzunların şəxsi, akademik və peşəkar inkişafına dəstək vermək məqsədilə “CareerPlus – Tələbə və Gənc Məzunların İnkişaf Proqramı”nı həyata keçirir.
"Azərbaycan müəllimi" xəbər verir ki, proqram çərçivəsində aprel-may ayları ərzində tələbə və məzunlar üçün əmək bazarına hazırlıq, liderlik və kommunikasiya bacarıqlarının inkişafı, eləcə də peşəkar mühitlə əlaqələrin gücləndirilməsi istiqamətində silsilə tədbirlər təşkil olunub.
İlkin mərhələdə 5 ali təhsil müəssisəsində keçirilən infosessiyalarda təxminən 1000 tələbə iştirak edib, daha sonra universitetlərdə yaradılan yeni “CareerPlus” klubları vasitəsilə təlimlər, panel müzakirələri və motivasiya görüşləri təşkil olunub.
Tələbə və məzunlar “Bank of Baku”, “Deloitte Azərbaycan”, “Azercell”, “ABB” və “Qala Group” kimi qurumların nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə iştirak edib, bankçılıq, konsaltinq, telekommunikasiya və korporativ idarəetmə sahələrində karyera imkanları barədə məlumat əldə ediblər.
Layihə gənclərin real iş mühiti ilə tanışlığını artırmaqla yanaşı, onların peşəkar bacarıqlarının inkişafına və şəbəkələşməsinə töhfə verir. “CareerPlus” proqramı innovativ düşüncə və təşəbbüskarlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.



