Texasda məktəblilər üçün süni intellekt qaydaları sərtləşdirilir

30 İyul, 2026 - 15:08
Texasda məktəblilər üçün süni intellekt qaydaları sərtləşdirilir

ABŞ-nin Texas ştatında yerləşən "Katy" məktəb dairəsi 6-cı sinfə qədər şagirdlərin generativ süni intellekt çat-botlarından istifadəsini qadağan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, təxminən 100 min şagirdə xidmət göstərən məktəb dairəsi süni intellekt texnologiyalarından istifadəyə 7-ci sinifdən etibarən mərhələli şəkildə icazə verməyi planlaşdırır.

Yeni qaydalara əsasən, bağçadan 6-cı sinfə qədər şagirdlər süni intellekt əsaslı çat-botlardan istifadə edə bilməyəcəklər. Bu mərhələdə texnologiyadan istifadə, əsasən, müəllimin rəhbərliyi ilə həyata keçiriləcək, diqqət isə şagirdlərin tənqidi düşünmə, rəqəmsal savadlılıq və digər fundamental bacarıqlarının inkişafına yönəldiləcək.

Bununla belə, qaydalar məktəblərdə süni intellektdən istifadənin tamamilə dayandırılması demək deyil. Oxu-anlama bacarıqlarının inkişafında istifadə olunan süni intellekt əsaslı bəzi tədris proqramlarından istifadənin davam etdirilməsi nəzərdə tutulur.

7-ci sinifdən başlayaraq isə şagirdlərə süni intellekt çat-botlarından tədricən istifadə imkanı veriləcək. Məktəb dairəsi bu mərhələdə texnologiyanın yalnız müəllimin konkret tapşırığı əsasında tətbiq ediləcəyini bildirir. Şagirdlərin süni intellektlə qarşılıqlı əlaqəsi müəllim tərəfindən nəzarətdə saxlanılacaq və istifadəyə dair aydın qaydalar müəyyənləşdiriləcək.

Yeni qaydaların avqust ayında başlayacaq yeni tədris ilindən qüvvəyə minməsi planlaşdırılır.

Qərar ABŞ-də süni intellektin məktəblərdə istifadəsinin mümkün üstünlükləri və riskləri ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda qəbul edilib. Texasda daha əvvəl dövlət məktəblərində süni intellektdən istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihələri də irəli sürülüb, lakin onlar səsverməyə çıxarılmayıb. Bu səbəbdən məktəblərdə süni intellektdən necə istifadə olunacağı ilə bağlı qərarlar əsasən ayrı-ayrı məktəb dairələrinin ixtiyarına buraxılıb.

"Katy" məktəb dairəsinin yanaşması Texasın ən böyük məktəb dairəsi olan Hyuston məktəb dairəsinin siyasətindən fərqlənir. Hyuston məktəb dairəsi süni intellektdən istifadəyə daha geniş imkan yaradır və bu payızdan etibarən 9 məktəbdə süni intellektə yönəlmiş yeni təhsil proqramını sınaqdan keçirməyə hazırlaşır.

Proqram şagirdləri süni intellektin geniş istifadə olunduğu gələcək əmək bazarına hazırlamaq məqsədi daşıyır. Proqram çərçivəsində tənqidi düşünmə, informasiya savadlılığı və problem həll etmə ilə yanaşı, emosional zəka, öyrənməyi öyrənmək, komanda ilə işləmək və dəyişən şəraitə uyğunlaşmaq kimi bacarıqların inkişafına da diqqət yetiriləcək.

Hyuston məktəb dairəsindəki proqramın ilkin olaraq iki məktəbdə tətbiqi nəzərdə tutulsa da, daha sonra 9 məktəbə genişləndirilib. Məktəb dairəsinin rəhbərliyi gələcəkdə proqramın 100-ə qədər məktəbdə tətbiq olunmasını istəyir.