Ucqar ərazilərdəki müəllimlər üçün əsas çətinlik metodik dəstəyin azlığıdır – AGMA sədri
“Azərbaycanda hazırda 20 minə yaxın müəllim ordusu var ki, onların təxminən 20%-i gənc müəllim heyətidir, digərləri isə orta və yaşlı nəslin nümayəndələridir. Əgər bir müəllim ucqar məktəbə işə düzəlibsə və işə gedirsə, həmin məktəbdə metodik baxımdan çətinliklərlə qarşılaşa bilər və ya olduqları mühitdə adaptasiyaları çətin keçə bilər. Müəllimlərin əsas adaptasiya çətinliyi həmin yerlərdə metodik dəstəyin azlığıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Gənc Müəllimləri Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova Təhsil TV-nin efirində yayımlanan “Təhsil saat” verilişində səsləndirib.
O bildirib ki, ucqar məktəblərdə işçi sayı az olduğuna görə onlar tam şəkildə metodik dəstək ala bilmirlər: “Ucqar ərazilərdə işləməyə gedən gənc müəllimlər istədikləri vaxt, istədikləri şəxsə müraciət edə bilmirlər. Gənc müəllimlər haqqında belə bir düşüncə var: əgər yaşı azdırsa, deməli, təcrübəsi də, biliyi də azdır. Əslində, bu belə deyil. Gənc müəllimlər daha çox bilik yönümlü, bacarıq yönümlü olurlar. Onların bacarıqları və bilikləri yetəri qədərdir”.
P.Qədimova bildirib ki, gənc müəllimlər sinfin idarə olunması baxımından çətinlik çəkə bilərlər: “Bu zaman onlara digər müəllimlər dəstək olmalıdırlar. Bəzən valideynlərlə ünsiyyət baxımından da problemlər yaşayırlar. O zaman mütləq dəstək almalıdırlar. Və yaxud bu mövzuda hər hansı metodik vəsaitləri oxuya bilərlər. AGMA-nın saytında bununla bağlı modullar var və həmin modulları oxuya bilərlər”.



