Uğurlu nəticə universitetlərin öz potensialını gücləndirməsi ilə mümkündür - Nazir
“Ali təhsil müəssisələrinin iqtisadiyyatın inkişafı və innovativ mühitin formalaşması baxımından daha faydalı olması əsas hədəflərdən biridir. Universitetlər, biznes və beynəlxalq tərəfdaşlıq bir araya gəldikdə daha effektiv nəticələr əldə olunur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə uğurlu nəticələrin əldə olunması ali təhsil müəssisələrinin öz potensialını gücləndirməsi ilə mümkündür. Təşəbbüsün həyata keçirilməsində iştirak edən iş dünyası nümayəndələrinin və tərəfdaşların rolu xüsusi əhəmiyyət daşıyır:
“Bu təşəbbüsün müzakirəsi və həyata keçirilməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu cür təşəbbüsləri tədricən artıraraq vahid platformada birləşdirməyə çalışırıq. Beynəlxalq təcrübə də göstərir ki, universitetlər, innovasiya sahəsində fəaliyyət göstərən şirkətlər və biznes qurumları bir araya gəldikdə daha effektiv nəticələr əldə olunur”.
Nazir vurğulayıb ki, Almaniya universitetləri və innovasiya sahəsində seçilən şirkətlərlə əməkdaşlıq Azərbaycan gənclərinin və tələbələrinin gələcəyinə töhfə verməyə xidmət edir. Əvvəlki dövrlərdə bu istiqamətdə fəaliyyətlər ayrı-ayrılıqda həyata keçirilsə də, hazırda onların vahid əməkdaşlıq platformasında birləşdirilməsi əsas məqsədlərdəndir.
Emin Əmrullayev əlavə edib ki, son illərdə Azərbaycanın ali təhsil müəssisələri beynəlxalq reytinqlərdə mövqelərini yaxşılaşdırmağa nail olub:
“Əmək bazarı göstəriciləri və digər indikatorlar üzrə müəyyən müsbət nəticələr əldə olunub. Artıq bir neçə universitet beynəlxalq universitet şəbəkələrində və təşkilatlarında təmsil olunur. Amma bu, kifayət deyil”.
Nazir həmçinin qeyd edib ki, ölkədə fəaliyyət göstərən iri iqtisadi və sənaye müəssisələri də ali təhsil müəssisələrinin məzun potensialının gücləndirilməsi və innovativ kadr hazırlığı istiqamətində mühüm resurslar ayırır.
Onun sözlərinə görə, Azərbaycan uzun illərdir ki, xaricdə təhsil proqramlarını həyata keçirir və tələbələri nüfuzlu universitetlərə göndərir. Son illərdə isə dünya səviyyəli universitetlərlə Azərbaycan universitetləri arasında əməkdaşlıq çərçivələri daha da genişlənib.
Nazir sonda alman tərəfdaşlara təşəkkürünü bildirərək qeyd edib ki, formalaşan bu əməkdaşlıq modeli güclü biznes, universitet və beynəlxalq tərəfdaşlıq platforması kimi Azərbaycanın inkişaf məqsədlərinə xidmət edir.



