Uğurlu nəticə müəllimin peşəkar nüfuzunu artırır – İmtahanda 59 bal toplayan müəllim
Ağcabədi rayonunun A.Mustafayev adına Yuxarı Qiyaməddinli kənd tam orta və S.Quliyev adına Muğanlı kənd tam orta ümumtəhsil məktəblərində çalışan fiziki tərbiyə müəllimi Zeynal Qafarov müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə göstərərək 59 bal toplayıb.
Sevincini "Azərbaycan müəllimi" ilə bölüşən Z.Qafarov bildirir ki, bu imtahanda iştirak etmək bir sıra mühüm üstünlüklərə malikdir:
"Sertifikasiya müəllimin fənn biliyini və pedaqoji bacarıqlarını obyektiv şəkildə qiymətləndirməyə imkan verir, imtahana hazırlıq prosesi müəllimlərin öz biliklərini davamlı olaraq yeniləməyə və inkişaf etdirməyə təşviq edir”.
Z.Qafarov qeyd edir ki, həmçinin bilik və bacarıqlarını artıran müəllimlər dərsləri daha effektiv keçir ki, bu da birbaşa şagirdlərin nailiyyətlərinə müsbət təsir göstərir:
“Uğurlu nəticələr müəllimin peşəkar nüfuzunu artırır və gələcək fəaliyyəti üçün əlavə imkanlar yaradır. Qeyd edim ki, sertifikasiyadan sonra yüksək nəticə göstərən müəllimlərin əməkhaqqına qanunvericiliyə uyğun olaraq əlavələr tətbiq olunur, bu da bir növ motivasiyadır".




