"Uğurun sirri davamlı çalışmaqdır" – MİQ-də yüksək bal toplayan müəllim
Tovuz rayonunun Dondar Quşçu tam orta ümumtəhsil məktəbinin, eyni zamanda Zabit Məmmədov adına Sarıtala kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Şərabanı Mirzəyeva müəllim peşəsinə sadiqliyini növbəti uğuru ilə təsdiqləyib. Yeddiillik pedaqoji fəaliyyətə malik müəllim sertifikatlaşdırma imtahanında maksimum - 60 bal topladıqdan sonra, bu dəfə də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində 94 bal nəticə göstərib.
“Azərbaycan müəllimi” ilə həmsöhbət olan Şərabanı müəllim deyir ki, əldə etdiyi nəticə onun üçün gözlənilməz olmayıb: "Bu, gözlədiyim nəticə idi. Qarşıma konkret məqsəd qoymuşdum və ona uyğun şəkildə hazırlaşmışdım".
Müəllim MİQ müsabiqəsində iştirak etməsinin əsas səbəbini belə izah edir: "MİQ-də iştirak etməkdə əsas məqsədim iş yerimi dəyişmək idi.Bu müsabiqə mənim üçün yeni imkanlar qazanmaq baxımından mühüm addım oldu. Bu uğur mənə gələcək pedaqoji fəaliyyətimdə daha da motivasiya verir".
O, yüksək nəticənin təsadüfi olmadığını vurğulayır: "Uğurun sirri davamlı çalışmaqdır. Hər gün növbəti gün üçün özümə plan hazırlayır, həmin plan üzrə çalışırdım. Mütəmadi və məqsədyönlü hazırlıq nəticəyə birbaşa təsir göstərdi".
Şərabanı Mirzəyevanın sözlərinə görə, müəllim üçün peşəkar inkişafın əsas şərtlərindən biri yenilikləri daim izləməkdir: "Çalışıram ki, təhsil sahəsindəki bütün yeniliklərdən xəbərdar olum və onları fəaliyyətimdə tətbiq edim".
MİQ imtahanının çətinlik səviyyəsi isə onu qorxutmayıb: "İmtahanda hər səviyyəyə uyğun suallar var idi. Hazırlığını düzgün quran namizədlər üçün uğur qazanmaq mümkün idi".
Təsviri incəsənət fənninin tədrisi ilə bağlı düşüncələrini bölüşən müəllim müasir texnologiyaların imkanlarından da söz açır: "Dərslərdə yeni texnologiyalardan daha geniş istifadə olunması məqsədəuyğundur. Bu, şagirdlərin həm marağını artırır, həm də yaradıcılıq imkanlarını genişləndirir".
Gələcək planlarından danışan Şərabanı Mirzəyeva peşəkar inkişafı istiqamətində fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirir: "Sərgilərdə daha fəal iştirak etmək və bu sahədə özümü daha da inkişaf etdirmək istəyirəm".




