Ülkər Səttarova: Praktiki komponent bir çox ixtisaslarımızda zəifdir 

16 Fevral, 2026 - 11:36
Ülkər Səttarova: Praktiki komponent bir çox ixtisaslarımızda zəifdir 

“Praktiki komponent tək IT ixtisasında yox, bir çox ixtisaslarımızda hələ də zəifdir. “Var”, ya “yoxdur” demək olmaz, amma zəifdir. Bu, IT sahəsində xüsusilə hiss olunur. Çünki bu sahə çox dinamikdir, ən sürətlə inkişaf edən sahələrdən biri, bəlkə də birincisidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova “IT SkillSprint” təhsil proqramının açılış mərasimində səsləndirib.

Ü.Səttarovanın sözlərinə görə, universitetlər klassik, ənənəvi formasında təhsil verirlər, ona görə də bu sahədə bir qədər “gecikirlər”: “Bu da normaldır. Universitet bir kurs deyil, bu, sistemli ali təhsildir. Kurikulumda və proqramlarda hər bir dəyişiklik kifayət qədər zaman alır. Dəyişiklik edilənə qədər isə bu sahə o qədər dinamikdir ki, artıq yeni tələblər meydana çıxır. Ona görə bu kimi təşəbbüslərə çox böyük ehtiyac var. Tələbəlik illərimizə qayıdaraq demək istəyirəm ki, bizim vaxtımızda bu cür imkanlar yox idi. Məsələn, sahədən olan qonaq mütəxəssislər universitetlərə gəlmirdi. Amma indi tələbələr üçün böyük bir fürsət yaradılıb”.

Direktor qeyd edib ki, belə layihələrin ərsəyə gəlməsi asan proses deyil: “Kreditlərin tanınması və digər məsələlər kifayət qədər böyük prosedurlar tələb edir. Bu layihə müxtəlif səviyyələrdə dəfələrlə müzakirə olunub, komandalar tərəfindən böyük iş aparılıb. Bu proqramın ərsəyə gəlməsi, bu imkanların yaradılması arxasında ciddi təşkilati, kommunikasiya prosesləri dayanır. Bu proqram üçün dövlət tərəfindən ciddi resurslar ayrılır”, – deyə o qeyd edib.