Universitetlərdə pedaqoji fakültələrin sayının azaldılması təklif edilir

14 Noyabr, 2025 - 15:58
Universitetlərdə pedaqoji fakültələrin sayının azaldılması təklif edilir

Dünən Milli Məclisdə çıxışı zamanı elm və təhsil Naziri Emin Əmrullayev bəzi universitetlərə tələbə qəbulunun azaldılacağını bildirib. Nazir qeyd edib ki, bu addım təhsildə keyfiyyətin artırılması məqsədi daşıyır.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq isə ilk növbədə pedaqoji ixtisaslara qəbulun məhdudlaşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, pedaqoji sahəyə tələbə qəbulu zamanı daha ciddi meyarlar tətbiq olunmalı, keyfiyyət əsas götürülməlidir:

"Ölkəmizdə müəllim sayı çoxdur. Uzun illər universitetlərimizdə müəllimlərin buraxılış sayı həddindən çox olub və bu, cəmiyyətdə işsizliyə təsir edib. Verilən mesajlarda da deyilir ki, bəzi universitetlərdə qəbul sayı azaldılacaq. Bu, ilk olaraq elə pedaqoji fakültələrə şamil edilməlidir. Hətta pedaqoji fakültələri bəzi universitetlərdə yavaş-yavaş azaldıb, daha ixtisaslaşmış universitetlərdə müəllim hazırlasaq, bu, daha yaxşı nəticə verə bilər. Çünki hər filial, yaxud da başqa müəssisə pedaqoji fakültə açıb, universitet məzunu buraxır, sonradan isə gənclər işsiz vəziyyətdə qalır və bu, təhsilimizə yük olur. O baxımdan, məncə, birinci növbədə universitetlərdəki pedaqoji fakültələrdə müəyyən ixtisasların ləğv olunması və qəbul sayının azaldılması lazımdır".