Uşaq birliyi rəhbərləri yalnız tədbir təşkilatçısı deyil – Mütəxəssis
Şagirdlərlə birbaşa işləyən uşaq birliyi rəhbərinin məktəbin fəaliyyətinin də güclənməsində rolu olur. Bu baxımdan onun üzərinə düşən vəzifələrin nədən ibarət olduğu, digər pedaqoji əməkdaşlarla fəaliyyətinin hansı məqamlarda kəsişdiyi və dəyişən məktəb mühitində rolunun necə formalaşdığı maraq doğurur.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil mütəxəssisi Məzahir Məmmədlinin sözlərinə görə, bəzi hallarda uşaq birliyi rəhbərlərinin yalnız məktəblərdə tədbirlərin təşkilatçısı kimi tanınması təəssüf doğurur:
“İşini bilən uşaq birliyi rəhbərləri, əlbəttə ki, ona verilən səlahiyyətləri çərçivəsində işini qurmağa çalışırlar. Ancaq bəzi hallarda bu məsələlər qarışdırılır. Məsələn psixoloqun, sinif rəhbərinin, eyni zamanda uşaq birliyi rəhbərlərinin işi bir-birinə uyğun gəlir deyə qarışıqlıq yaranır. Açığını demək lazımdır ki, uşaq birliyi rəhbərləri müəyyən mənada bəzi yaddan çıxmış səlahiyyətlərini də bilməyə başlayıblar”.
Artıq bu vəzifəni tutanların da müəllimlər kimi işə imtahanla qəbul olunduğunu nəzərə çatdıran M.Məmmədli qeyd edib ki, müasir dövrdə uşaq birliyi rəhbərlərinin işləri müəyyən mənada istiqamətini dəyişir:
“Bu gün onların səlahiyyətlərinə daxil olmayan məsələlər var. Məsələn, sosial şəbəkədən düzgün istifadə kimi məsələlər uşaq birliyi rəhbərinə tapşırıla bilər. Həmçinin uşaq birliyi rəhbərləri birbaşa şagirdlərlə işlədikləri üçün problemləri daha tez görə bilirlər. Uşaq birliyi rəhbərinin bəzi hallarda məsələlərə psixoloq və sinif rəhbərindən daha tez təsir etməsi mümkündür. Ancaq səlahiyyətləri olmadığına görə bəzi hallarda situasiyaya birbaşa təsir edə bilmirlər. Bəzi hallarda məsələyə münasibət sinif rəhbərinin işinə müdaxilə kimi qəbul edilir. Yaxşı olardı ki, gələcəkdə bu məsələ nəzərə alınardı. Bu məsələ aydınlaşsa, məncə, daha yaxşı və effektiv nəticələr ola bilər”.
Ekspert bildirib ki, uşaq birliyi rəhbərləri şagirdlər arasındakı konfliktlərin səbəbini öyrənmək üçün öz imkanlarından yaxşı istifadə edə bilərlər.
Müsahibimizin sözlərinə görə, müasir dövr üçün uşaq birliyi rəhbərlərinin iş planına müəyyən əlavələr etmək olar:
“Əlbəttə ki, bu, müəyyən təlimatlarda öz əksini tapmalıdır. Məsələn, uşaqlar müəyyən şəxslər tərəfindən sosial şəbəkələr vasitəsilə müxtəlif mənfi və qanunsuz əməllərə cəlb oluna bilərlər. Bu məsələlərlə bağlı uşaq birliyi rəhbərləri geniş maarifləndirmə işləri apara bilərlər”.




