Uşaqların sosial reabilitasiyası mərkəzlərinin sayı artırılacaq

19 Yanvar, 2026 - 12:44
Uşaqların sosial reabilitasiyası mərkəzlərinin sayı artırılacaq

“Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin fəaliyyətinin genişləndirilməsi də 2026-cı ildə qarşıda duran hədəflərdəndir. Mərkəzdə daha 2 peşə üzrə kurslara start verilməsi nəzərdə tutulur”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib. 

O bildirib ki, 15-29 yaşlı əlilliyi olan şəxslər artıq “Fotoqrafiya” və “Elektron avadanlıqların təmiri” istiqamətləri üzrə kurslara müraciət edə, müvafiq peşə bacarıqlarına yiyələnə biləcəklər:

“Sosial sifarişlər çərçivəsində təşkil olunan əlilliyi müəyyən edilmiş uşaqların sosial reabilitasiyası mərkəzlərinin, uşaqlar və ahıllar üçün günərzi qayğı mərkəzlərinin və digər sosial layihələrin sayının artırılmasını planlaşdırırıq. Respublikanın müxtəlif şəhər və rayonlarında məişət zorakılığından zərərçəkmiş şəxslər və insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzlərinin təşkilini növbəti illərdə də davam etdirəcəyik.

Əlilliyi olan şəxslərin idmana cəlb edilməsi və onların beynəlxalq yarışlarda iştirakına dəstək göstərilməsi, Vətən müharibəsi əlillərinə, iştirakçılarına və şəhid övladlarına, bir sözlə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza sosial xidmətlərin göstərilməsi sahəsindəki fəaliyyətimizi daha da genişləndirməyi düşünürük.
 
Sözsüz ki, uşaqların ailə qayğısı ilə əhatə olunması məqsədilə də fəaliyyətimizi davam etdirəcəyik”.