Uşaqların təhsili  və gələcəyi hər cür süni mübahisədən daha üstündür - Deputat

13 Oktyabr, 2026 - 17:29
Uşaqların təhsili  və gələcəyi hər cür süni mübahisədən daha üstündür

“Məktəbli forması eyni zamanda təhsil mühitində bərabərliyin, nizam-intizamın, məktəbə mənsubluq hissinin və vahid qaydaların formalaşması ilə bağlı məsələdir. Məktəbə gələn hər bir şagird ailəsinin maddi imkanından, sosial mövqeyindən asılı olmayaraq özünü digər şagirdlərlə bərabər hiss etməli, diqqətini geyim fərqlərinə deyil, biliyə və öyrənməyə yönəltməlidir. Məktəbli formasının əsas məqsədi də məhz belə bir mühit yaratmaqdır”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova bildirib.

Onun sözlərinə görə, məktəbli forması beynəlxalq təcrübədə də tətbiq olunur və valideynlərə bu qaydaların mahiyyəti düzgün izah edilməlidir:“Məktəbli forması beynəlxalq təcrübədə də tətbiq olunan yanaşmadır. Müxtəlif ölkələrdə bu qaydaların forması və tətbiq mexanizmləri fərqlənsə də, onların əsas məqsədlərindən biri məktəbdə ümumi nizamın və bərabərliyin qorunmasıdır. Buna görə də valideynlərə izah edilməlidir ki, məktəbli formasının müəyyənləşdirilməsi qeyri-adi tələb deyil, təhsil müəssisəsinin fəaliyyətini tənzimləyən ümumi qaydalardan biridir”.

Deputat qeyd edib ki, məktəbli forması ilə bağlı tələblərin yalnız hicab məsələsi ilə əlaqələndirilməsi mövzunun mahiyyətini kölgədə qoyur:

“Məsələnin yalnız hicab üzərindən təqdim olunması isə onun əsl mahiyyətini kölgədə qoyur. Burada söhbət konkret bir geyim elementinə münasibətdən deyil, məktəbdə hamı üçün müəyyən edilmiş ümumi tələblərdən gedir. Azərbaycan qanunvericiliyində dövlət ümumi təhsil müəssisələri dünyəvilik prinsipi əsasında fəaliyyət göstərir və geyim qaydaları da bu hüquqi çərçivədə müəyyən edilir. Eyni zamanda, dinə və dini inanclara hörmət cəmiyyətimizin mənəvi dəyərlərinin mühüm hissəsidir. Bu iki məqamı qarşı-qarşıya qoymaq yox, hər birinin hüquqi və ictimai mahiyyətini düzgün anlamaq lazımdır”.

E.Akimova bildirib ki, məktəbli forması ilə bağlı ictimai müzakirələrdə yanlış təsəvvürlərin yaranmasına yol verilməməli, məsələyə faktlar və qanunvericiliyin tələbləri əsasında yanaşılmalıdır:

 “Məktəbli forması ilə bağlı qaydaların hansısa dini inanca qarşı yönəldilməsi barədə ümumiləşdirilmiş təqdimatlar valideynlərdə yanlış təsəvvür yarada bilər. Belə həssas məsələlər emosional mübahisələrə deyil, qanunvericiliyin dəqiq izahına, faktlara və qarşılıqlı hörmətə əsaslanmalıdır. İctimai müzakirələrdə də qaydaların məzmunu təhrif edilməməli, məktəbin əsas missiyasının uşaqlara keyfiyyətli təhsil vermək, onların şəxsiyyət kimi formalaşmasına şərait yaratmaq olduğu unudulmamalıdır”.

Deputat valideynləri məktəbdə müəyyən edilmiş geyim qaydalarına məsuliyyətlə yanaşmağa çağırıb. O, məktəb rəhbərliyi ilə valideynlər arasında düzgün kommunikasiyanın qurulmasının vacibliyini də vurğulayıb:

“Valideynlərə tövsiyəm budur ki, məktəbli forması ilə bağlı müəyyən edilmiş tələblərə məsuliyyətlə yanaşsınlar, hər hansı sual və ya anlaşılmazlıq yarandıqda isə ilk növbədə məktəb rəhbərliyindən rəsmi izahat alsınlar. Qaydalara əməl etmək uşağın təhsil mühitinə uyğunlaşmasına və ümumi nizam-intizamın qorunmasına xidmət edir. Bununla yanaşı, məktəb rəhbərliyi də tələbləri valideynlərə aydın və əsaslandırılmış şəkildə izah etməli, onların suallarını cavablandırmalıdır”.

E.Akimova məktəbli forması məsələsinin cəmiyyətdə qarşıdurma predmetinə çevrilməməsinin vacibliyini də diqqətə çatdırıb:

“Ən vacib məqam budur ki, məktəbli forması məsələsi cəmiyyətdə qarşıdurma yaratmaq vasitəsinə çevrilməməlidir.Uşaqların təhsili, mənəvi inkişafı və gələcəyi hər cür süni mübahisədən daha üstündür. Məktəb valideynlə təhsil müəssisəsinin əməkdaşlıq etdiyi, uşağın maraqlarının əsas götürüldüyü bir məkan olmalıdır. Məqsədimiz də məhz budur: milli-mənəvi dəyərlərimizə hörmət edən, qanunlara riayət edən, savadlı və məsuliyyətli nəsil yetişdirmək”.