Vahid forma şagirdlər arasında bərabər mühit formalaşdırır - Hüquqşünas

23 Sentyabr, 2026 - 11:50
Vahid forma şagirdlər arasında bərabər mühit formalaşdırır

Nazirlər Kabinetinin qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formasına dair tələblərə dəyişiklik edilib. Belə ki, qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

Vəkillər Kollegiyasının Deontologiya Komitəsinin sədri, hüquqşünas Paşa Səfərov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərarı xüsusilə məhz bu prinsipin qorunmasına xidmət edir. Hüquqi baxımdan məktəblərdə vahid geyim formasının tətbiqi sosial bərabərlik və ayrı-seçkiliyin qarşısının alınması, nizam-intizam və təhsil mühiti, eyni zamanda təhsilin dünyəvilik prinsipləri ilə əsaslandırılır.

“Təhsil haqqında” Qanunun 34.2.2-1-ci maddəsinə əsasən, təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifəsidir:

”Nəzərə almaq lazımdır ki, məktəb daxilində uşaqların maddi vəziyyətindəki fərqliliklərin geyim vasitəsilə nümayiş olunması psixoloji ayrı-seçkiliyə və sosial gərginliyə yol aça bilər. Vahid forma bu sədləri aradan qaldıraraq şagirdlər arasında bərabər mühit formalaşdırır. Bundan əlavə, vahid forma şagirdlərin diqqətini geyim-keçimlə bağlı fərqliliyə deyil, birbaşa tədris prosesinə yönəldir. Vahid geyim qaydaları məktəb daxilində sağlam estetik zövqün formalaşmasına və cəmiyyətin ümumi mədəniyyət standartlarının uşaq yaşlarından mənimsənilməsinə birbaşa xidmət edən mühüm sosializasiya alətidir”.

Hüquqşünas əlavə edib ki, milli-mənəvi dəyərlərimizdə və cəmiyyətimizin formalaşmış sosial-mədəni ənənələrində təhsil ocaqlarının ümumi nizamına, kollektiv intizamına hörmətlə yanaşmaq hər zaman yüksək dəyərləndirilib.

O həmçinin vurğulayıb ki, dövlətin ümumi təhsil müəssisələrində təhsil alan yeniyetmələrin yaş xüsusiyyətlərini nəzərə alaraq ümumi geyim standartları tətbiq etməsi onun tənzimləmə səlahiyyətləri çərçivəsindədir:

“Bu, insan hüquqlarının pozuntusu deyil, zəruri ictimai intizam tədbiridir. Hüquqi tənzimləmə nəzəriyyəsi baxımından cəmiyyətin hər hansı bir institutunun effektiv fəaliyyət göstərməsi üçün ümumi qaydaların mövcudluğu labüddür və fərdi maraqların kollektiv təhsil məqsədləri ilə uzlaşdırılması hüquqi dövlətin əsas prinsiplərindəndir. Konstitusiyanın təminat verdiyi əsas azadlıqlar çərçivəsində cəmiyyətin ümumi maraqlarının və nizamının qorunması hər bir vətəndaşın üzərinə müəyyən sosial məsuliyyətlər qoyur. Nəzərə alınmalıdır ki, dövlət məktəbləri elm, bilik və ümumi sosiallaşma ocaqlarıdır”.

Onun fikrincə, bu mənada tətbiq edilən tənzimləmələr hər hansı məhdudiyyət deyil, əksinə, bütün şagirdlərin keyfiyyətli təhsil hüququndan bərabər şərtlərlə yararlanması üçün zəruri çərçivənin təmin edilməsidir. Cəmiyyətdə qəbul olunmuş ümumi qaydalara əməl etmək öhdəliyinin təmin edilməsi məsələsi ictimai balans nöqtəsidir.

Onun sözlərinə görə, təhsil mühitinin sağlam və neytral xarakter daşıması məktəb daxilində hamının riayət etməli olduğu ortaq standartların mövcudluğunu nəzərdə tutur. Hamı üçün bərabər və nizamlı mühitin qorunması məqsədilə ümumi geyim və davranış qaydalarının tətbiqi qanunvericiliyin tələblərinə tam uyğundur.

P.Səfərov onu da diqqətə çatdırıb ki, sosial-mədəni uyğunlaşma baxımından məktəb kollektivinin bir hissəsi olan hər bir şagird ümumi nizam-intizam qaydalarına riayət etməklə cəmiyyətdə birgəyaşayış mədəniyyətini öyrənir:

“Fərdi seçimlərin ümumi sosial nizam və təhsil prosesinin mənafeyi naminə müəyyən standartlara uyğunlaşdırılması təhsil müəssisəsində sağlam psixoloji iqlimin qorunmasının əsas şərtlərindən biridir”.

O eyni zamanda xatırladıb ki, qərara əsasən, geyim qaydalarına riayət olunması və təhsil müəssisəsinin daxili nizam-intizam məsələləri birbaşa məktəbin Pedaqoji Şurası tərəfindən tənzimlənir. Pedaqoji Şura hər bir məktəbin yerli xüsusiyyətlərini nəzərə alaraq qərarın icrasını təmin edir.

Hüquqşünasın qənaətinə görə, qərarın digər mühüm tərəfi valideynlərin məsuliyyətini artırmasıdır:

“Valideynlər övladlarının geyim tələblərinə əməl etməsini təmin etməlidirlər. Bu məsələdə maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir. Valideynlər və şagirdlərlə maarifləndirici işlərin aparılması qaydaların “cəza” kimi deyil, ümumi mədəniyyət, nizam-intizam və bərabərlik dəyəri kimi qəbul edilməsinə şərait yaradır”.

O əlavə edib ki, məktəb-ailə əməkdaşlığının gücləndirilməsi çərçivəsində həyata keçirilən təşəbbüslər uşaqlarda məsuliyyət hissinin erkən yaşlardan formalaşmasına təkan verir:

“Pedaqoji yanaşmada inzibati tədbirlərdən əvvəl qarşılıqlı dialoqun və izahat işlərinin üstün tutulması qərarların cəmiyyət tərəfindən daha səmərəli qəbul olunmasını və uzunmüddətli müsbət sosial nəticələr verməsini təmin edir”, - deyə P.Səfərov qeyd edib.