Vakansiya seçimində 5 000-dən artıq namizəd uğur qazanıb – MÜTDA
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı və vakansiya seçimi mərhələləri başa çatıb. Test imtahanında ümumilikdə 32 175 namizəd iştirak edib. Onlardan 18 930 nəfər vakansiya seçimi mərhələsində iştirak hüququ qazanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı sosial media hesabında paylaşım edib.
Qeyd olunub ki, vakansiya seçimi prosesinin ilk mərhələsi test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvləri üçün keçirilib:
"Daha sonra namizədlərin faktiki yaşayış yeri üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələrinin vakant yerlərinə seçim turu keçirilib.
Bu mərhələnin əsas məqsədi həmin məktəblərin davamlı müəllim təminatını gücləndirməkdir.
Sözügedən seçim turunda 2 000-dən artıq namizəd uğur qazanıb. Bu yanaşma vakant yerlərin daha dayanıqlı şəkildə tutulmasına, müəllimlərin işlədikləri məktəblərə uzunmüddətli uyğunlaşmasına və sonradan iş yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərin azalmasına xidmət edir. Müqayisə üçün deyə bilərəm ki, 2025-ci ildə bu rəqəm 1 519 olub.
Növbəti mərhələdə ümumi vakansiya seçimi turu keçirilib.
Bütün vakansiya seçimi turlarının yekununda ümumilikdə 5 000-dən artıq namizəd uğur qazanaraq müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Müsahibənin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər müsahibə mövzuları ilə miq.edu.az saytı vasitəsilə tanış ola bilərlər.
Müsahibə mərhələsində uğur qazanan namizədlər seçdikləri ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında çalışmaq imkanı əldə edəcəklər", – deyə paylaşımda bildirilib.




