Vəfa Yaqublu: Məktəbəhazırlıq qrupları üzrə əlavə yerlər yaradılıb

20 İyul, 2026 - 16:36
Vəfa Yaqublu: Məktəbəhazırlıq qrupları üzrə əlavə yerlər yaradılıb

“Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

Direktor müavini bildirib ki, bu istiqamədə zəruri tədbirlər həyata keçirilir: “Bu məqsədlə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul imkanları artırılıb, məktəbəhazırlıq proqramları üzrə əlavə yerlər yaradılıb. Belə ki, dövlət məktəbəqədər təhsil müəssisələrində qəbul üçün əlavə yerlər açılaraq ümumi qəbul potensialı 112 minə çatdırılıb. İcma əsaslı təlim qruplarında əlavə 12 min yer yaradılaraq qəbul potensialı 36 min nəfər uşağa qədər yüksəlib.  Bununla yanaşı, məktəbəhazırlıq qruplarında əlavə 16 min yer açılıb və 104 min uşağın qəbulu planlaşdırılır”.

V.Yaqublunun sözlərinə görə, valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi isə özəl müəssisələrin potensialının tam reallaşması vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına tutarlı töhfə verəcək: “Bu istiqamətində həyata keçirilən tədbirlər daha çox uşağın erkən təhsil imkanlarından faydalanmasına və məktəbə daha hazırlıqlı başlamasına xidmət edir”.