Xaçmazda peşə təmayüllü sinfin şagirdlərindən maraqlı jest – Onbirincilər balacaları sevindirdi
Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin peşə təmayüllü sinif şagirdləri Qubada yerləşən Viqas Med Nitq İnkişaf Mərkəzində olublar. “Kiçik Əllər, Böyük Sevinclər” sosial layihəsi çərçivəsində baş tutan ziyarətdə “Qənnadçı köməkçisi” ixtisası üzrə təhsil alan şagirdlər mərkəzdəki uşaqlara özlərinin hazırladıqları gips fiqurlar hədiyyə ediblər. Hədiyyələri maraqla qarşılayan balacalar fiqurları böyük həvəslə boyayaraq maraqlı və yaddaqalan anlar yaşayıblar.
“Bu ziyarət ikitərəfli faydalı oldu”
Qrup rəhbəri Vüsalə Qədirova “Azərbaycan müəllimi”nə bildirib ki, bu ziyarət həm peşə təmayüllü sinfin şagirdləri, həm də Nitq İnkişaf Mərkəzindəki balacalar üçün yaddaqalan olub. Onun sözlərinə görə, hədiyyələrə görə çox sevinən balacalar, sadəcə fiqurları boyamaqdan zövq almayıb, həm də yaradıcılıqlarını nümayiş etdiriblər: “Bu ziyarət ikitərəfli faydalı oldu. “Qənnadçı köməkçisi” ixtisası üzrə təhsil alan şagirdlərimiz üçün bu kimi sosial layihələr mühüm əhəmiyyətə malikdir. Şagirdlərimizin cəmiyyətdə seçilməsi, faydalı işlər görməsi, mərhəmətli, qayğıkeş insan kimi formalaşması başlıca məqsədimizdir”.
Bu istiqamətdə sosial layihələrin şagirdlərin həyatında əhəmiyyətinə diqqət çəkən Vüsalə Qədirovanın fikrincə, belə layihələr şagirdlərin bacarıqlarını inkişaf etdirməklə yanaşı, empatiya, ünsiyyət və sosial məsuliyyət kimi vacib keyfiyyətlər də qazandırır: “Bu layihələr onların şəxsiyyət kimi formalaşmasına və cəmiyyətə daha sağlam inteqrasiya olunmasına şərait yaradır”.
“İnsanları özün hazırladığın, düzəltdiyin, bişirdiyin şeylərlə təəccübləndirmək, sevindirmək çox gözəl hissdir”
Peşə təmayüllü sinfin şagirdi Məryəm Məmmədova deyir ki, balacalar onların hazırladıqları fiqurları da sevib, bişirdikləri şirniyyatları da: “Onlara gətirdiklərimizi həvəslə qarşılamaları mənim üçün xüsusilə maraqlı oldu. İndi daha çox həvəsləndim. Biz boş vaxtlarımızda müxtəlif əl işləri hazırlayır, iştirak etdiyimiz sosial layihələrdə istifadə edirik. Məktəbə qayıdandan sonra növbəti ziyarətlərimiz üçün daha çox hədiyyələr hazırlamağa çalışacağam. İnsanları özün hazırladığın, düzəltdiyin, bişirdiyin şeylərlə təəccübləndirmək, sevindirmək çox gözəl hissdir”.
Məryəmin fikrincə, sosial layihələrin bir parçası olmaq, xüsusi diqqət tələb edən işlərə qoşulmaq, qayğıya ehtiyacı olan insanlarla ünsiyyət qurmaq mənə çox yaxşı təsir edir”.
Məryəm əlavə edib ki, elm və təhsil naziri Emin Əmrullayev də onların əl işlərini bəyənib, bişirdiklərini dadıb: “Nazir bizim hazırladıqlarımızı gördü, əl işlərimizlə maraqlandı, fəaliyyətimizi qiymətləndirdi. Nazirlə görüş hər birimiz üçün nə qədər sevindirici, motivasiyaedici idisə, bugünkü ziyarətimizdən də o qədər zövq aldıq. Məncə, bu ziyarət ömürlük yadımızda qalacaq”.



