Xalqımızın əbədi iftixarı

10 May, 2026 - 10:03
Xalqımızın əbədi iftixarı

Bu yazının müəllifi keçmiş Azərbaycan Neft və Kimya İnstitutunda (ADNSU) təhsilini başa vurduqdan  sonra XX əsrin 70-ci illərinin lap əvvəllərində Bakının qocaman neftçıxarma rayonu olan Lenin (indiki Sabunçu) rayonunda əmək fəaliyyətinə başlamışdır. 1980-ci illərin ortalarına qədər “Azneft” İstehsalat Birliyinin bu rayonda yerləşən müxtəlif müəssisələrində, o cümlədən, həmin əmək kollektivlərinin seçkili vəzifələrində çalışmışam. 1978-ci ildə 1200-dən çox partiya üzvünü birləşdirən “Leninneft” NQÇİ-nin partiya komitəsinin katibi seçildim.

 

1980-ci ilin 26 yanvar tarixində mənə məlumat verildi ki, növbəti gün Sov.İKP MK Siyası bürosu üzvlüyünə namizəd, Azərbaycan Kommunist Partiyasının birinci katibi, Azərbaycan SSR Ali Sovetinin 10-cu çağırış deputatlığa namizəd Heydər Əliyevin rayonun bir neçə müəssisə və təşkilatlarında, o cümlədən “Leninneft” NQÇİ-nin 9 nömrəli neft mədənində seçicilərlə görüşü keçiriləcəkdir. 

Bu məlumatı alan kimi elə həmin gün NQÇİ-nin rəhbərləri ilə birlikdə 9 nömrəli neft mədənində olduq, müvafiq tövsiyələr verdik. Təyin olunan gün saat 08:30-da NQÇİ-nin rəhbərləri, mədənin sahə mühəndisləri və digər işçiləri Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizədimizlə görüşmək üçün müəssisənin əsas kontorunun binası qarşında yığışmışdıq. Bir saatdan sonra biz burada respublika rəhbərini qarşıladıq. 

Həmin günlə bağlı təəssüratlarım o qədər zəngindir ki, onlardan bəzi epizodları bu yazıya əlavə etmək istərdim. Heydər Əliyev dispetçer pultunun fəaliyyəti ilə tanış olduqdan sonra yaxınlıqda yerləşən neft quyusuna yaxınlaşdı və onun istismar vəziyyəti və debiti ilə maraqlandı. Sahənin mühəndis-texniki işçiləri tərəfindən dərhal dəqiq və əsaslı şəkildə praktiki izahatlar verildi.   

Bundan sonra mədənin qırmızı guşəsində seçicilərlə görüş keçirildi. Buraya 100-dən çox neftçi toplaşmışdı, onlar əllərində tədbirlə bağlı müxtəlif portret və plakatlarla gəlmişdilər. Rəyasət Heyətində Heydər Əliyev, eləcə də respublikanın bir sıra mərkəzi icra hakimiyyəti qurumların rəhbərləri, şəhər və rayon rəhbərliyi əyləşmişdi.

Neftçilərin çıxışları zamanı Heydər Əliyev onların arzu və istəklərini, seçici tapşırıqlarını maraqla dinləyir, həllini tapmamış problemlər barədə mənə əlavə suallar verirdi. 

Valehedici və parlaq çıxışı iştirakçılar tərəfindən dəfələrlə gurultulu alqışlarla qarşılandı. O, çıxışında Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf templərindən, həmçinin rayon müəssisələrinin, o cümlədən qocaman neft-qazçıxarma idarəsinin əmək uğurlarından danışaraq, öz nitqində seçicilərin problemlərinin həlli və neftçilərin müraciətlərinin yerinə yetirilməsi istiqamətində konkret işlərin görülməsinə xüsusi diqqət yetirdi. 

Burada qeyd etmək istəyirəm ki, Heydər Əliyevlə tez-tez görüşən və bilavasitə onun idarəçiliyində çalışan insanlar vurğulayırdılar ki, Ulu Öndər çıxışlarına və ya müxtəlif sahələr üzrə mütəxəssislərlə söhbət etməyə hazırlaşarkən onu maraqlandıran məsələ ilə bağlı çoxsaylı elmi və informasiya məlumatları nəzərdən keçirər, qeydlər edər və istənilən mütəxəssislə bərabər yüksək səviyyədə danışmağa hazır olardı. Bir sözlə, neftçilərlə seçkiqabağı görüşündə də onun məsələyə necə dərin və ciddi münasibət göstərməyinin, bu dahi insanın natiqliq məharətinin canlı şahidi olduq.

Tədbirin sonunda Heydər Əliyev toplantı iştirakçıları ilə hərarətlə sağollaşdı, onlara yeni uğurlar və qələbələr arzuladı. Mənə isə əlimi sıxaraq daha məhsuldar işləməyi, işdə daha çox inamlı və cəsarətli olmağı arzuladı.

Həmin görüşdən təxminən iki ay sonra Heydər Əliyevin məsləhəti ilə buraya gəlmiş keçmiş SSRİ Nazirlər Soveti Sədrinin müavini Leonid Smirnov  burada oldu. L.Smirnov və onu müşayiət edən rəsmi şəxslər birlikdə mədəndə neft hasilatı prosesinin təşkili ilə yaxından tanış olmuş, texniki heyətlə onu maraqlandıran məsələləri, o cümlədən neft yataqlarının istismarının daha gec mərhələsində həyata keçirilən geoloji-texniki işlərin səmərəliliyinin artırılması yollarını müzakirə etdi. SSRİ Nazirlər Soveti sədrinin müavini bu səfərin nəticələri barədə Heydər Əliyevə ətraflı məlumat vermişdi.

İlk dəfə Heydər Əliyevlə görüşəndə 30 yaşım vardı. Mən həmin unudulmaz görüşdə Heydər Əliyevdən çox böyük mənəvi qida aldım. 

Sonralar Heydər Əliyevin  1993-2003-cü illərdə dövlət başçısı olduğu dövrünün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 20 ildən artıq işlədiyim müddətdə  bir sıra müşavirə və toplantılarda onun özünü və çıxışlarını tez-tez görmək və dinləmək mənə nəsib olmuşdur. 

Belə tədbirlərin biri - 11 dekabr 1993-cü il tarixdə Heydər Əliyevin rəhbərliyi altında Ağcabədi rayonunda nazirlik, idarə və rayon rəhbərlərinin iştirakı ilə keçirilmiş zona müşavirəsi xatirəmdə silinməz izlər buraxmışdır. Bu müşavirə onun elə həmin ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra demək olar ki, keçirilən ilk zona müşavirələrindən biri idi. 

Axşama doğru, təxminən saat 18 radələrində Heydər Əliyevin maşını Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısındakı meydana daxil oldu. Burada rayon sakinlərinin böyük bir qrupu toplaşmışdı və onlar Ulu Öndəri böyük sevinc və hədsiz coşğu ilə qarşıladılar. Rayon sakinlərinin xahişi və Heydər Əliyevin təkidi ilə elə burada - meydanda iştirakçılarla planlaşdırılmamış görüş keçirildi.   

Toplantı iştirakçılarının onun ünvanına səsləndirdiyi xoş sözləri və arzuları dinləyərək o, respublikada mövcud olan gərgin hərbi-siyasi vəziyyəti ətraflı təhlil etdi, sonra diqqəti iqtisadi problemlərə yönəltdi, yaranmış vəziyyəti normalaşdırmaq üçün ölkə rəhbərliyinin nə kimi tədbirlər gördüyündən danışdı. Rayon sakinləri də öz növbəsində Heydər Əliyevi tam əmin etdilər ki, ölkə rəhbərliyini, onun siyasi xəttini dəstəkləyir, xalqın sıx birliyi və yekdilliyi uğrunda çıxış edirlər.

Nəzərdə tutulan müşavirə həmin görüşdən sonra İcra Hakimiyyətinin akt zalında keçirildi və demək olar ki, dörd saata yaxın davam etdi. Giriş sözündən sonra zona üzrə dəvət olunan rayon İcra Hakimiyyəti başçılarına söz verildi. Onlar Heydər Əliyevin cəbhəyanı bölgələrdə əhali, yerli qurumların rəhbər işçiləri, hərbiçilərlə görüşlərinin əhəmiyyətindən danışdılar və Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyət, müdafiənin təşkili, eləcə də qaçqın və köçkünlərə yardımın təşkili ilə əlaqədar problemlərə toxundular. 

Dövlət başçısı Heydər Əliyev müşavirəyə yekun vuraraq, Azərbaycan tarixinin bu keçid dövründə ölkənin qarşısında duran aktual problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Onun çıxışının kifayət qədər sərt, təmkinli və yığcam olmasına baxmayaraq, hər kəlməsində tarixin bu mürəkkəb və çətin mərhələsində Azərbaycan xalqının və dövlətin taleyi ilə bağlı narahatlığı, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün məsuliyyəti hiss edilirdi. Bəli, o, doğma Azərbaycanı sonsuz məhəbbətlə sevir, onun potensialını hiss edir, bütün daxili və xarici siyasi prosesləri böyük uzaqgörənliklə tənzimləyirdi.

Ulu Öndər Heydər Əliyevin Şuşa və Laçının işğalının dördüncü ildönümü ilə əlaqədar həmin rayonların sakinlərinin bir qrupu ilə 1996-cı ildə Prezident Administrasiyasının binasında keçirilmiş görüşün hazırlanmasında və keçirilməsində iştirak etdim. İcra edilməli təşkilati məsələlər arasında, ilk növbədə, görüşə dəvət olunanların siyahısının tərtib edilməsi də vardı, çünki bu tədbirə qatılmaq istəyənlərin sayı həddən artıq çox idi. Üstəlik, siyahıda məcburi köçkünlərin məskunlaşdıqları bütün regionlar üzrə nümayəndələr nəzərdə tutulmalı idi. Çıxış edənlərin siyahısı, eləcə də çıxışların ardıcıllığının müəyyən edilməsinə də kifayət qədər çox vaxt sərf edildi, hətta görüşün gedişində dəvət olunanlar sırasından planlaşdırılmamış çıxışlar da oldu.

Təyin olunmuş gün və saatda bütün dəvət olunanlar Administrasiyanın iclas zalında toplaşmışdılar. Görüşün əvvəlində Ulu Öndər giriş sözü  söylədi. Sonra faciənin bilavasitə iştirakçıları və şahidləri olan natiqlər ürək ağrısı ilə göz yaşlarını güclə saxlayaraq o günlərdə baş verən hadisələrdən, yaşadıqları faciəvi səhnələrdən danışdılar. Eyni zamanda, onların hamısı qəti əminliklərini bildirdilər ki, bu çətin vəzifəni - torpaqlarımızın işğaldan azad edilməsi və xalqa qaytarılmasını yalnız Heydər Əliyev həll edə bilər.

Tədbirin sonunda Ümummilli Lider yekun nitqi ilə çıxış etdi və çıxışının lap əvvəlində xüsusi vurğuladı ki, “Şuşa və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dördüncü ilinin tamam olduğu bir vaxtda bizim həmin hadisələrə daha doğru-düzgün qiymət vermək imkanımız keçən illərə nisbətən daha çoxdur. Bu da lazımdır, zəruridir. Çünki söhbət müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyündən, ölkəmiz, xalqımız üçün müqəddəs olan şəhərlərimizdən, kəndlərimizdən, dağlarımızdan, meşələrimizdən, çaylarımızdan, bulaqlarımızdan, tarixi abidələrimizdən gedir”.   

Ulu Öndərin çıxışının sonrakı hissələrində səsləndirdiyi bütün mülahizə və düşüncələr, əsasən, ona yönəlmişdi ki, hadisələrə obyektiv qiymət verilsin, Şuşa və Laçın faciəsinin səbəbkarlarının adları çəkilsin. Ən başlıcası isə xüsusi vurğulandı ki, “işlər sözlə yox, - sözlər çox eşidilib, - əməli işlə görülməlidir”.    

Görüşdə iştirak edənlərin hamısının Heydər Əliyevin Vətəni müdafiə etmək və qorumaq çağırışını necə böyük ilham və coşqun ilə qəbul etdiklərini qeyd etməliyəm:  “Azərbaycanın hər bir yeri, nöqtəsi, guşəsi hər birimiz üçün - sizin üçün də, mənim üçün də Vətəndir. Belə də olmalıdır. Amma eyni zamanda, bir yer var ki, biz oranı qorumalı, saxlamalıyıq, - o, bizim üçün xüsusi vətəndir: Şuşa da, Laçın da, Ağdam da, Füzuli də, Zəngilan da və sair”, - dahi Ümummilli Liderin bu kəlamları bütün iştirakçıları kövrəldirdi.

Şübhəsiz ki, bu çağırış ölkəmizin hər bir vətəndaşının sonrakı həyat və fəaliyyətində həlledici amillərdən birinə çevrildi. Və bu gün, həmin görüşdən 30 ildən çox vaxt keçəndən sonra həmin çağırışın hər kəlməsinin gücünü və əhəmiyyətini həmişəkindən daha çox dərk edirsən.

Bu gün fəxrlə deyirik ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 23 il ərzində Azərbaycanı qüdrətli bir dövlətə çevirdi, güclü ordu formalaşdırdı. Ordumuz hazırda dünyanın ən qüdrətli əlli ordusu sırasındadır. Onun qurduğu ordu Ali Baş Komandanın əmrini yüksək dəqiqliklə yerinə yetirərək 2020-ci ilin 44 günlük müharibəsində Ermənistan ordusunu darmadağın edib onu torpaqlarımızdan qovdu.

Bu gün qurur hissi ilə deyirik ki, Şuşa da, Laçın da, Ağdam da, Füzuli də, Zəngilan da, Qubadlı da, Cəbrayıl da, Kəlbəcər də işğaldan azaddır. 

Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, nə qədər nəsillər dəyişsə də, onun haqqında həmişə millətin atası, Ümummilli Lider, görkəmli tarixli şəxsiyyət, dahi  azərbaycanlı kimi danışacaqlar. Onu həmişə xatırlayacaqlar, filmlər çəkəcəklər, məqalələr və kitablar yazacaqlar, küçələr, məktəblər, meydanlar onun adını daşıyacaq.

Ulu Öndər Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir. Milli sərvət isə əbədiyaşardır.         

Rövşən Ağayev,

Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi