Xaqani Şirvani: Əsrləri aşan ədəbi irs

12 May, 2026 - 09:57
Xaqani Şirvani: Əsrləri aşan ədəbi irs

Öz qələminin gücü ilə Azərbaycanda XII əsr İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nümayəndəsinə çevrilən Əfzələddin Xaqani Şirvaninin bu il dünyaya gəlməsinin 900 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar 2026-cı il tarixində “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalamışdır. Mən də bu dahi sənətkarın keşməkeşli həyatına və zəngin yaradıcılığına öz ehtiramımı bu məqaləmlə bildirmək istədim.

15 yaşından şeirlər yazmağa başlayan görkəmli şair Xaqani Şirvani ömrünün sonuna qədər dünya ədəbiyyatının, xüsusən İntibah dövrü sənətkarlarının ən yüksək yaradıcılıq nümunələrinə bərabər tutulmağa layiq əsərlər yaratmışdır. Böyük sənətkar özünün möhtəşəm əsərləri ilə klassik ədəbiyyata yeniliklər qazandırmış, Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafında əhəmiyyətli rol oynamışdır. Sonrakı yüzilliklərdə yaşayıb-yaratmış ustad şairlər bu qüdrətli söz ustasından bir məktəb kimi bəhrələnmiş, Xaqani dühasına hörmət və ehtiram göstərmişlər.

Əbu Bədil Əfzələddin İbn Əli Nəccar İbn Osman İbn İbrahim Həqaiqi Həssanül-Əcəm Xaqani Şirvani öz əsərlərində Şamaxı şəhərində doğulduğunu dəfələrlə qeyd etmişdir. O, 1126-cı ildə hörmətli bir ailədə dünyaya gəlmişdir. Şairin babası toxucu, atası dülgər, əmisi həkim, əmisi oğlu alim olmuşdur. Anası Rəbiə xanım müsəlmanlığı qəbul etmiş xristian qızı idi. Şairin atası onu öz peşəsinin davamçısı kimi böyütmək istəyirdi. Bu səbəbdən də onun təhsilinə o qədər də önəm vermirdi. Atasını səkkiz yaşında itirən İbrahimi əmisi Ömər Kafiəddin öz himayəsinə alaraq Quranı və bir sıra dünyəvi elmləri öyrədir. Tanınmış alim, filosof, təbib, cərrah, farmakoloq olan Ömər Kafiəddin öz dövrünün görkəmli şəxsiyyətlərindən idi. O, həm də bir neçə dil bilir, mədrəsədə dərs də deyirdi. Şair öz əsərlərində əmisindən dərin məhəbbətlə bəhs edərək, onun şair kimi yetişməsində göstərdiyi xidmətdən geniş söhbət açır:

Gördü söz mülkünün hakimi mənəm, 
Adıma söylədi Həssani-Əcəm.
Qəlbimin ayağı xəznəyə batdı,
Ömrümsə iyirmi beş ilə çatdı.
Bildi söz mülkünə mənəm hökmran,
Qarşımda fərəhdən əmim verdi can.

Yeniyetmə yaşlarından şeirlər yazmağa başlayan İbrahim əvvəlcə ədəbi fəaliyyətə Həqaiqi təxəllüsü ilə başlamışdır. Onun şairlik istedadını görən əmisi ona Həssanül-Əcəm (Əcəm Həssanı – farsdilli poeziyanın ən gözəl şairi) təxəllüsünü verir. Gənc yaşlarından xüsusi şairlik istedadı və dövrünün elmlərini dərindən öyrənməsi sayəsində Xaqani Şirvani Şirvanşahlar sarayına dəvət olunur. Sarayda ona Şirvanşah Mənüçöhrün fərmanı ilə  “Xaqani” (Xaqana məxsus, şahlar şairi) təxəllüsü verilir. Gənc şair tez bir zamanda böyük şöhrət qazanır və ən yüksək şairlik zirvəsinə çatır. O, sarayda ədəbi məclisin üzvü kimi fəaliyyətindən dövlət katibi vəzifəsinə qədər yüksəlmişdir. Dövlət vəzifəsində çalışması onun ictimai dünyagörüşünün inkişafında mühüm rol oynamış və bədii yaradıcılığının zənginləşməsində böyük əhəmiyyət kəsb etmişdir. Ömrünün təxminən 22 ili Şirvanşah hökmdarlarından Mənüçöhr və Axsitanın sarayında keçən Xaqani Şirvani ilk dövrlərdə saray həyatına həvəslə qoşulub, şadlanıb mədhiyyələr yazsa da, sonralar onun mənəvi aləmində oyanma baş vermiş, saray mühitinin riyakarlığını, eybəcərliklərini anlayaraq ordan uzaqlaşmağa çalışmışdır. O, sarayları “dar zindan” adlandıraraq, hər kəsi ağalardan uzaq yaşamağa çağırır. Şair saraydan can qurtarmaq üçün müxtəlif yerlərə səfərlər edir. O cümlədən, İraqa səyahət etmək üçün iki dəfə Kəbə ziyarətinə gedir. Şairin misralarında olan narazılıq notları, eyni zamanda onun sufi görüşlərindən istifadə edən əleyhidarları onu şahın gözündən salmağa çalışırlar və məqsədlərinə nail olurlar. Mənüçöhrün ölümündən sonra hakimiyyətə gələn I Axsitanla şairin münasibətləri pisləşir. Xaqani Şirvanşahlar sarayı ilə münasibətlərindəki yaranmış gərginlik səbəbindən iki dəfə həbsə düşür. Mənbələrin məlumatına görə, şair məşhur “Həbsiyyə” şeirlər silsiləsini Şabranda həbsdə olarkən yazmışdır. 

Şirvani 1156-cı ildə birinci Məkkə ziyarətinə gedir, eyni zamanda həmin vaxt Ön Asiyanın bir çox şəhərlərində olur. O, bir neçə alim və dövlət xadimi ilə görüşüb fikir mübadiləsi aparır. Şair yenidən Şamaxıya qayıdır. O, 1176-cı ildə Məkkəyə ikinci ziyarətindən sonra vətənə qayıtmır. 25 il birlikdə ömür sürdüyü arvadını, əmisi Kafiəddin Öməri, əmisi oğlu Vəhidəddin Osmanı, oğlu 20 yaşlı Rəşidi və başqa yaxın adamlarını da itirən Xaqani bir də Şamaxıya qayıtmaq istəməyib ömrünün sonuna kimi Təbrizdə məskən salır. Şair Şamaxıya həsr etdiyi şeirində Şamaxını özünə ana, Təbrizi isə ata kimi qələmə alır:

Siz mənə həyatı etdiniz əta,
Sən mənə anasan, Təbrizsə ata.
Anasından küsən körpə bir uşaq,
Ata ağuşunda yer tapar ancaq.

Xaqani yenidən dəfələrlə saraylara dəvət olunsa da, dahi sənətkar heç bir təklifi qəbul etməyib müxtəlif  bəhanələrlə dəvətləri rədd edir. Şair 1199-cu ildə Təbrizdə vəfat edir və orada Şairlər qəbiristanlığında dəfn olunur. Məzarı indi də durur.

Saraylara dəvəti rədd edən şair artıq həyatını səfərlərə, ziyalılarla görüşlərə həsr etmiş, yazdığı əsərlərdə xalqın tərəfində olduğunu, şahlara rəğbəti olmadığını dəfələrlə vurğulamışdır. Xaqani 1157-58-ci ildə qələmə aldığı “Töhfətül-İraqeyn” poemasında şahları mədh etdiyi üçün dilinin çirkaba batdığını açıq-aşkar dilə gətirir:

Əvvəllər şahları mədh etdiyimçün,
Dilim bulanmışdı çirkaba bütün.

O, artıq saray şairi kimi tanınmaq istəmirdi. Ömrünün sonlarına yaxın sadə, cah-cəlaldan uzaq həyat yaşamaq arzusunda idi. Xaqani zəhmətkeş, yoxsul bir ailədə dünyaya gəldiyi üçün ruhən dəbdəbəyə bağlı insan olmamışdır. Həyat təcrübəsi artdıqca, mənəvi cəhətdən daha da zənginləşən şair özünü xalqa daha yaxın hiss etdiyini, xalqın yanında olduğunu əsərlərində ustalıqla qələmə almışdır.

İstəmirəm adımı çağıralar Xaqani,
Mən yoxsullar şairi, xəlqaniyəm, xəlqani.

- deyən şair xaqana məxsus olmadığını, yoxsulların şairi olduğunu yüksək sənətkarlıqla vurğulamışdır. 

Ömrünün 24 ilini Təbrizdə müəllimlik edərək, kitabxanalarda elmi axtarışlarla məşğul olan şair, eyni zamanda bədii yaradıcılığını da davam etdirirdi. “Hər bir tərbiyəçi şair olmaya bilər, amma hər bir şair tərbiyə etməyi bacarmalıdır” – deyən şair yaradıcı insan qarşısına çox böyük tələblər qoyur. Bu dərin mənalı sözlərlə o, şairin işinin sadəcə qafiyə düzmək olmadığını, onun yazdığı hər bir misrada cəmiyyətə tərbiyəvi mesajlar verməli olduğunu diqqətə çatdırır. Yəni şairin yaradıcılığının təməlində tərbiyəçi missiyası dayanmalıdır, onun  yazdığı şeirlər insanların ruhuna, dünyagörüşünə təsir etməli, onları yaxşı işlər görməyə, gözəlliyə, ədalətə və mənəviyyata səsləməlidir. Bu kəlamla Xaqani sənətkarın əsas vəzifəsinin cəmiyyətə faydalı, əxlaqlı, vətənpərvər ruhda insanlar yetişdirmək olduğunu ön plana çəkir.

Ümumilikdə götürdükdə  məzmun baxımından Xaqani yaradıcılığını şərti olaraq iki dövrə ayırmaq olar. Birinci dövrdə xanlara, hökdarlara mədhiyyələr yazan şair müasirləri arasında saray şairi kimi tanınırdı. Bu dövr onun yaradıcılığında çox davam etmir. Yaradıcılığının ikinci dövründə şair əsl həqiqətlərin fərqinə varıb saraydan uzaqlaşaraq, qələmi ilə haqsızlığa qarşı mübarizəyə başlamışdır. Bu dövr şairin yaradıcılığında dövrün haqsızlıqlarına, zalımlara, ədalətsizliyə, xalqa zülm edənlərə qarşı kəskin mövqe tutması ilə səciyyələnir. Şair haqqı yeyilən, əzilən, əzab-əziyyət çəkən insanların dərdini, çətinliklərini qələmə alır. Onun “Zəmanədən şikayət”, “Şikayət”, “Çörək”, “Paxılları məzəmmət”, “Zəmanədə axtarma rahatlıqdan bir əsər”, “Zəmanədən və öz taleyindən şikayət”, “Bu zülmkar dövranda mən bir vəfa görmədim” və digər bu kimi şeirləri bu qəbildəndir.

“Mən elmlə şərafətlənib onun sayəsində şöhrət tapıram” deyən Xaqani Şirvani həmişə məktəbə, müəllimə, elmli insanlara yüksək qiymət vermiş, elm öyrənməyi, var-dövlətə elmlə, zəhmətlə qalxmağı vacib hesab etmişdir. Şair təhsili barədə yazanda, məktəbdə öyrəndiklərini səmanı dəftər, dənizləri mürəkkəb etsə də, yazıb qurtara bilməyəcəyini deyir. Bu qədər elm, bilik öyrənən şair, yenə də nadan olduğunu deməklə elmi tam mənimsəməyin qeyri-mümkün olduğuna işarə edirdi. Xaqani ağıllı, bilikli insanları xalq üçün qənimət hesab edirdi. O, xalqın zülmdən, əsarətdən xilas olmağının bir yolunu da savad almaqda, təlimdə görürdü. Onun ən çox şöhrət tapmış əsərlərindən biri, 110 beytdən ibarət olan “Qəsideyi-şiniyyə”si də bu mövzuda yazılmışdır: 

Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,
O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı.

Şair bu sözləri ilə bilik, savad almağın ən birinci şərtinin sakit və səbrlə, təmkinlə öyrənmək olduğunu bildirir. Çalışqan, təlim-tərbiyəsi, təhsili yerində olan birinin “aslanı da diz çökdürməyə qadir ola biləcəyini” deyir.

Öz dövrünün bütün elmlərini dərindən bilən Xaqani Şirvani zəngin ədəbi irsə malik bir sənətkardır. Şairin ictimai-əxlaqi, fəlsəfi və tənqidi məzmunda olan çoxşaxəli yaradıcılığı qəsidə, qəzəl, mədhiyyə, rübai, mərsiyə və digər janrlarda yazdığı 17 min beytlik lirik şeirlər divanı, “Töhfətül-İraqeyn” poeması, bədii nəsr nümunələri olan 60 məktubdan ibarətdir. Azərbaycanda Nizami Gəncəviyə qədər olan ədəbiyyatın ən parlaq, ən qüdrətli nümayəndəsi olan Şirvani əruz vəzninin, demək olar ki, bütün bəhrləri üzrə şeirlər yazmışdır. Onun zalım hökmdarların aqibətindən bəhs etdiyi “Mədain xərabələri” (Mədain xarabalıqları) qəsidəsi ictimai-fəlsəfi poeziyasının zirvəsi sayılır. Şairin bu əsəri Məkkəyə ikinci ziyarətindən sonra yaranan təəssüratlarının bəhrəsidir. Bu əsərdə şairin zəmanədən şikayət notları daha kəskin formada təqdim olunur. Şair müasir İraqın şərqində yerləşən, qədim Parfiya dövlətinin və Sasanilər imperiyasının paytaxtı olmuş tarixi şəhər olan Mədainin dövrün ziddiyyətləri, çəkişmələri ucbatından xarabalığa çevrilməsindən söhbət açır. Şirvani bu qəsidəsi ilə zalım hökmdarlara xəbərdarlıq edərək, onları qəflət yuxusundan oyanmağa, Mədaindən ibrət almağa çağırır.

Xaqani Şirvaninin ən iri həcmli əsəri Azərbaycan ədəbiyyatı tarixində ilk poema olan “Töhfətül-İraqeyn” poemasıdır. Xarakteri etibarı ilə ictimai-fəlsəfi məzmunlu lirik poema olan bu əsərin əsas qəhrəmanı şairin özüdür. Əsərin iki İraqa – Əcəm və Ərəb İraqına səyahətindən təəssüratlarının əsasında yazıldığı düşünülsə də, əslində şair qarşılaşdığı adamlar haqqında xatirələri, müxtəlif məsələlər haqqında olan düşüncələri, ümumilikdə əsəri yazana qədər keçirdiyi həyat təcrübələrini qələmə almışdır. Şairin əsərdə İraq səfərinə xüsusi yer ayırması poemanın “Töhfətül-İraqeyn” adlandırılmasına səbəb olmuşdur. Bu poemada şairin hər şeydən çox siyasi, ədəbi düşmənlərə olan qəzəbi “Düşmənləri tənqid” adlanan bölmədə aydın müşahidə olunur. Özünü Xaqaniyə tay tutmaq istəyən belə adamlara çox əsəbləşir:

Kamalım çıxanda şimşəklər kimi, 
Quyruq bulayırlar köpəklər kimi.
Fənndə qəribəm, demək təkəm, tək,
Qərib görən kimi hürür hər köpək.

Keşməkeşli həyat yolu keçmiş Xaqani Şirvaninin yaradıcılığı mövzu, ideya və janr baxımından zəngin və rəngarəngdir. Onun ölməz əsərləri hələ öz dövründə Şərq ölkələrində tanınmışdır, əsərlərinə çoxsaylı nəzirələr yazılmışdır. Şair haqqında yazan müəlliflər öz əsərlərində onun qüdrətli şair, filosof və pedaqoq olmasından bəhs edirlər. Bəzi məlumatlara görə Xaqani külliyyatı tam olaraq dövrümüzə gəlib çatmamışdır. Onun müxtəlif dövrlərdə köçürülmüş külliyyatı, divan nüsxələri və əlyazmaları həm ölkəmizdə (AMEA-ın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Respublikası Prezident Kitabxanası, M.F.Axundzadə adına Milli Kitabxana) həm də dünyanın bir çox şəhərlərində (Londonda Britaniya Muzeyi, Parisdə Milli Kitabxana, Sankt-Peterburq və Tehranın kitabxana və fondlarında) mühafizə olunur. Dahi sənətkarın irsi uzun illərdir Xalq Təhsili Muzeyinin ekspozisiyasında da nümayiş etdirilir. Şairin yaradıcılığı tədqiqatçılar tərəfindən hələ də araşdırılır. Əsərləri kitab formasında çap olunub. Üstündən yüzilliklər keçsə də, dahi şairin yaratdığı zəngin ədəbi irs bu gün də öz aktuallığını qoruyur və bundan sonra da qoruyacaqdır. 

Orucova Zöhrə,
Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin böyük elmi işçisi