ASA-nın magistrantları Böyük Britaniyada təcrübə keçiblər
Azərbaycan İdman Akademiyasının “İdman menecmenti” ixtisaslaşmasının magistrantları Böyük Britaniyada tədris-təcrübə səfərində olublar.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədrisi ingilis dilində aparılan və Böyük Britaniyanın Koventri Universiteti ilə ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr səfər çərçivəsində Koventri Universitetində təşkil olunan akademik və praktiki fəaliyyətlərə qoşulublar. Onlara universitetin kurikulum rəhbəri, dosent Benoit Senaux tərəfindən mentorluq dəstəyi göstərilib, universitetin tədris prosesi və beynəlxalq akademik mühiti haqqında ətraflı məlumat verilib. Həmçinin tələbələr Tina Simak tərəfindən keçirilən dərslərdə iştirak edərək beynəlxalq tədris təcrübəsi və akademik mühitlə yaxından tanış olublar.
Lafboro Universitetində isə onlara universitet kampusunun müxtəlif bölmələri, xüsusilə idman obyektləri, təlim-məşq sahələri, elmi-tədqiqat laboratoriyaları və müasir idman infrastrukturu, elit idmançıların hazırlanmasına xidmət edən yüksək performans mərkəzləri və xüsusi təlim məkanları nümayiş etdirilib.
Səfər çərçivəsində idman elmləri və bədən tərbiyəsi üzrə fəlsəfə doktoru Michael Anagnostou magistrantlarla görüş keçirərək öz peşəkar təcrübəsini bölüşüb.



