XXI əsrin universiteti artıq yerləşdiyi məkanla dəyərləndirilə bilməz – Rektor

3 İyul, 2026 - 14:05
XXI əsrin universiteti artıq yerləşdiyi məkanla dəyərləndirilə bilməz

“Regional universitetlərin nüfuzu yalnız elmi məqalələrin sayı ilə deyil, yerləşdiyi bölgədə insanların həyatına, yerli iqtisadiyyata və insan kapitalının inkişafına göstərdiyi təsirlə ölçülməlidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov UNEC-in Zaqatala filialında keçirilən “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Ədalət Muradov bildirib ki, müasir dövrdə region universitetləri ilə paytaxt universitetləri arasında imkan fərqinin azaldılmasında rəqəmsallaşmanın mühüm rolu var:

“Bu gün süni intellekt, bulud texnologiyaları, rəqəmsal platformalar və yeni texnoloji həllər ali təhsildə tamamilə fərqli imkanlar yaradır. Rəqəmsallaşma regional universitetlərə yalnız tədris prosesini yeniləmək imkanı vermir, həm də onları daha geniş akademik əməkdaşlıq mühitinə çıxarır”.

UNEC rektorunun sözlərinə görə, XXI əsrin universiteti artıq yalnız yerləşdiyi məkan və ənənəvi göstəricilərlə dəyərləndirilə bilməz:

“Regional universitetlərin nüfuzu təkcə elmi məqalələrin sayı ilə ölçülməməlidir. Əsas məsələ universitetin yerləşdiyi regionda insanların həyatına, gənclərin inkişafına, yerli iqtisadiyyatın güclənməsinə və insan kapitalının formalaşmasına necə təsir göstərməsidir. Universitet regionun inkişaf prosesinin aktiv iştirakçısına çevrilməlidir”.

Ədalət Muradov qeyd edib ki, yeni texnologiyalar elmi əməkdaşlığın xarakterini də dəyişir. Onun sözlərinə görə, bu gün akademik əməkdaşlıq artıq yalnız fiziki təmasdan və coğrafi yaxınlıqdan asılı deyil:
“Rəqəmsal texnologiyalar universitetlər arasında sərhədləri aradan qaldırır. Regional universitetlər dünyanın aparıcı ali təhsil və tədqiqat mərkəzləri ilə daha çevik, daha açıq və daha səmərəli əməkdaşlıq edə bilirlər. Bu isə region universitetlərinin inkişafı üçün çox mühüm üstünlükdür”.

UNEC rektoru bildirib ki, növbəti 10 ildə regional universitetlərin inkişafında aqrobiznes, rəqəmsal iqtisadiyyat, yaşıl iqtisadiyyat, süni intellekt və innovasiya əsas istiqamətlərdən olacaq:
“Regional universitetlər yerləşdikləri bölgələrin iqtisadi profilini, əmək bazarının ehtiyaclarını və gələcək inkişaf imkanlarını düzgün qiymətləndirməlidir. Aqrobiznes, rəqəmsal iqtisadiyyat, yaşıl iqtisadiyyat və innovasiya sahələri regional universitetlərin yeni inkişaf gündəliyində xüsusi yer tutmalıdır”.

Ədalət Muradov vurğulayıb ki, regional universitet anlayışına daha geniş yanaşmaq lazımdır:

“Regional universitet üçün kampus yalnız auditoriyalardan, laboratoriyalardan və inzibati binalardan ibarət deyil. Regional universitet üçün kampus bütövlükdə regionun özüdür. Universitet regionla birlikdə inkişaf etməli, regionun problemlərinə elmi həllər təqdim etməli və həmin bölgənin gələcək inkişafına töhfə verəcək mütəxəssislər hazırlamalıdır”.