“Yaşıl gələcək” layihəsinin açılış tədbiri keçirilib
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qaliblərindən olan “Yaşıl gələcək” layihəsinin açılış tədbiri keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin əsas məqsədi bərpa olunan enerji mənbələrinin və onların növlərinin araşdırılması, öyrənilməsi, eləcə də bu sahədə fəaliyyət göstərə biləcək mühəndis və ixtisaslı kadrların hazırlanmasıdır.
Bu məqsədə nail olmaq üçün məktəb yaşlı şagirdlərdən başlayaraq enerjinin səmərəli və davamlı istifadəsini təmin edəcək yeni nəslin formalaşdırılması hədəflənir. Layihə çərçivəsində 5 ay müddətində nəzəri və praktiki təlimlərin keçirilməsi nəzərdə tutulur.
Təlim proqramı zamanı şagirdlər bərpa olunan enerji texnologiyaları, ekoloji davamlılıq, enerjiyə qənaət və müasir innovativ yanaşmalar barədə bilik və bacarıqlara yiyələnəcək, eyni zamanda STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) bacarıqlarını inkişaf etdirəcəklər. Əldə etdikləri bilikləri isə praktik fəaliyyətlər vasitəsilə möhkəmləndirəcəklər.
Layihənin sonunda iştirakçıların hazırladıqları layihə və əl işlərinin nümayiş olunduğu sərgi keçiriləcək. Sərgi ilə yanaşı, şagirdlərin Külək və Günəş Elektrik Stansiyalarına (ES) ekskursiyaların təşkili də nəzərdə tutulur. Bu fəaliyyətlər iştirakçıların real istehsal mühiti ilə tanış olmalarına imkan yaradacaq.
Layihə Səbinə Əzəmi tərəfindən Şirvan şəhər Kimya-biologiya təmayüllü liseydə, eləcə də Şirvan ümumi təhsil müəssisələrində icra olunur və bərpa olunan enerji sahəsində gələcək üçün bilikli, məsuliyyətli və ixtisaslı kadrların yetişdirilməsini hədəfləyir. Layihə çərçivəsində təlimlər Şirvan STEAM Mərkəzində keçiriləcək.


