“Təhsil liderləri üçün Mini MBA Proqramı” çərçivəsində ustad dərsi keçirilib
“Təhsil liderləri üçün Mini MBA Proqramı” çərçivəsində təhsil liderləri üçün təşkil olunan növbəti ustad dərsinin qonağı Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, o, proqram iştirakçıları qarşısında “Təhsildə dəyərlər” mövzusunda çıxış edib.
Ustad dərsi zamanı təhsil mühitində dəyərlərin formalaşdırılması, müəllim nüfuzunun qorunması, məktəb mühitinin sağlam və təhlükəsiz şəkildə qurulması, milli-mənəvi dəyərlərin təhsil prosesində rolu, eləcə də düzgün idarəetmə və liderlik yanaşmalarının əhəmiyyəti ilə bağlı mühüm fikirlər səsləndirilib.
Çıxış çərçivəsində təhsil liderlərinin yalnız idarəetmə bacarıqları ilə deyil, həm də dəyəryönümlü yanaşmaları ilə fərqlənməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, müasir dövrdə təhsil müəssisələrinin inkişafı üçün peşəkar idarəçiliklə yanaşı, sağlam dəyərlər sistemi və güclü məktəb mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
İnteraktiv formatda keçirilən görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Təhsil liderləri üçün Mini MBA Proqramı” layihəsinin əsas məqsədi təhsil idarəçilərinin liderlik, strateji idarəetmə, kommunikasiya və müasir təhsil yanaşmaları sahəsində bilik və bacarıqlarının inkişafına dəstək göstərməkdir.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilir.



