Yeni təmayül tədrisi necə nəticə verir? - Məzunlar öz təcrübələrini danışırlar
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.
Bu modelin üstünlükləri, fərqli nəticələri, əhəmiyyəti barədə məlumat almaq məqsədilə bu layihə üzrə təhsil alan və artıq məzun olan şagirdlərlə söhbət etdik.
"Seçilmiş şagird və müəllimlər olduğu üçün dərs mühiti daha səmimidir"
Ləman Muradlı Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin builki məzunudur. Buraxılış imtahanından 291.9 bal, qəbul imtahanında isə 318.6 bal toplayıb. Tibb sahəsinə böyük maraq göstərdiyi üçün arzusu Azərbaycan Tibb Universitetində təhsil almaqdır.
Ləman bildirir ki, yeni təmayül tədris modeli layihəsi sayəsində şagirdlər əlavə repetitor yanına getmədən məktəb daxilində buraxılış və qəbul imtahanlarına hazırlaşa bilir və yolda vaxt itirmirlər:
"Məktəbdə sertifikasiya imtahanlarında yüksək nəticə əldə etmiş peşəkar müəllimlər dərs deyir. Bu da şagirdlərin repetitor yanına getmədən məktəbdə hazırlıq keçmələrinə kömək edir. Layihənin əsas üstünlüyü isə budur ki, məktəbdə hazırlıq tipli dərslər tamamilə ödənişsizdir. Yola, müxtəlif kurslara vaxt sərf etmədikləri üçün şagirdlər əlavə boş vaxt qazanmış olurlar. Abituriyentlərə vaxtlarını düzgün bölmək olduqca önəmlidir. Həmçinin yeni təmayül tədris modeli tətbiq edilən məktəblərdə seçilmiş şagird və müəllimlər olduğu üçün dərs mühiti daha səmimidir".
"Bu layihənin əhəmiyyətini şagirdin vaxtına və puluna qənaətdə, dərslərin məktəb mühitində keçirilməsində görürəm"
Xatirə Salmanlı da Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin məzunudur. O, buraxılış imtahanında 278.1, qəbul imtahannda isə 305.3 bal nəticə göstərib. Gələcək hədəfi bizneslə məşğul olmaqdır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Biznesin idarə edilməsi" ixtisasına qəbul olmaq və ingilis dilində tədris almaq istəyir.
X.Salmanlı qeyd edir ki, yeni təmayül tədris modeli tətbiq edilən məktəbdə tədris ixtisas qruplarına uyğun olaraq qurulub:
"Məsələn, mən II qrup üzrə imtahan verdiyimə görə bu qrupa hazırlaşan şagirdlərlə eyni sinifdə tədris alırdım. Bunun üstünlüyü isə maraqlarımın eyni olduğu şagirdlərlə bir-birimizə dəstək ola bilməyimizdir. Bu layihənin əhəmiyyətini şagirdin vaxtına və puluna qənaətdə, dərslərin məktəb mühitində keçirilməsində görürəm. Daha yaxşı müəllim və şagird kollektivi ilə imtahana hazırlaşmaq şansı qazandım. Bununla yanaşı bir məkanda bütün dərslərin keçirilməsi mənə rahatlıq verdi".
Beləliklə, modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.




